- Sizin üçün postmodernizm nə deməkdir?
- Mənim üçün postmodernizm adi bir cərayandır, başqaları üçünsə həyat tərzi, bir başqaları üçün araşdırma mövzusu, bir başqaları üçünsə qazanc yeri. Yəni postmodernizm özü-özlüyündə nə qədər çoxşaxəli bir anlayışdırsa insanlar üçün elədir. Hardasa uzaqlarda bir qəbilə var, hansı ki, bu ad ümumiyyətlə onlara heç nə demir. Və eyni zamanda hardasa buralarda bir-iki yazıçı var, onlar “postmodernizmi” ciddi şəkildə imitasiya etməklə məşğuldurlar.
- Hər yazıçı özünü postmodernist adlandıra bilər?
- Xeyr, necə ki, hər yazıçı özünə Dostayevski və yaxud Balzak ənənələrinin davamçısı demir, eyni zamanda hər yazıçı özünə postmodernt deyə bilməz. Yəni burdan elə anlaşılmasın ki, postmodernizm həddindən artıq əlçatmaz və arzuedilən bir şeydir ki, hamı bir nəfər kimi ona can etsin, xeyr tam əksinə postmodernizm indiyə qədər olan yüzlərlə “izm”-dən sadəcə biridir vəssalam.
- Son zamanlar fərqli düşünmək dəbə düşüb və bu düşüncədə olan gənclər özlərini sırf postmodernist adlandırırlar.
- Mən inanmıram ki, fərqli düşünən gənclərin hamısı “postmodernizm” prinsiplərinə əsaslanırlar. Ola bilsin ki, onlardan ikisi-üçü Ekonun bir-iki kitabını vərəqləyib çıxıb orda-burda özünü postmodernist ənənələrinin davamçısı adlandırsın. Bu mümkündür amma belə olan halda mən tərəfimdən heç bir halda onlara fərqli düşünən gənclər kimi tanımlanmayacaq. Çünki özünü harasa aid etmək o deməkdir ki, o insan heç də fərqli düşüncə sahibi deyil. Onsuzda insanların böyük əksəriyyəti özlərini harasa aid edirlər. Onların yarısı katolikdir, yarısı provaslav, yarısı müsəlman, başqa bir yarısı liberal, digər yarısı kommunist və bu siyahı beləcə uzanıb gedə bilər. Bizim ömrümüz şəxsin özünü hansısa inanc və ideologiyaya həsr etmək üçün çox azdır. Altmış ilin iyirmi ilini mən postmodernistəm deyib ortalıqda dolaşmaq lazım deyil.
- Siz necə düşünürsüz postmodernizm hamıdan fərqlənməkdir?
- Postmodernizmin modernizmlə münasibətləri dialektik xarakter daşıyır: bir tərəfdən postmodernizm modernist ənənələri davam etdirir (əks təqdirdə tərkibindəki “modernizm” sözündən imtina edərdi), digər tərəfdən o, modernist konsepsiyaların bir sıra fundamental müddəalarından imtina edir, yoxsa yenə də elə həmin “post” sözü vasitəsilə özü ilə modernizm arasında məsafə yaratmaz, ondan fərqli statusa malik olduğu nəzərə çapdırmazdı. Postmodernizm hamıdan fərqlənmək deyil. Yaxşı keyfiyyətli bir məhsula malik olduğunun fərqində olub onu müxtəlif yollarla üzə çıxarmaq üçün zəmindir. Əgər sənin yaxşı səsin varsa amma tanınmırsansa sən soyunursan, nəticədə hamı səndən danışır, bütün diqqətlə sənin üzərinə yönəlir. Bax elə bu anda sən təzədən geyinirsən (geyinməyə də bilərsən) və oxumağa başlayırsan, başqa sözlə səndə olan məhsulu ortaya qoyub istədiyinə nail olursan.
- Azərbaycanda postmodernist yazarlardan kimləri tanıyırsız?
- Mən bilmirəm özləri bununla razılaşar ya yox, amma mən tanıdığım qədəri ilə Semyur Baycanı, Rasim Qaracanı, Günel Mövludu və bir-iki gənc yazıçını bu siyahıya əlavə etmək olar.
-Postmodernist gənc olmaq üçün Azərbaycanda şərait yaradılıb?
Azərbaycanda gənc yoxdur, daha doğrusu var amma lap çox azdı, ən azdı, lap azdı, o qədər azdı ki, barmaqla saymaq olar. Yerdə qalanlar 18-20 yaşında qocalanlardır. Onlar üçün fərqi yoxdur, qaradan bir az fərqli rəng gördüklərində ən yaxşı halda söyürlər. Amma o lap az, ən az gənclərin içində fərqli şəkildə düşünüb, düşündüklərini tam olmasa da müəyyən səviyyədə həyata keçirməyə şərait var. Bilmirəm bu cümlə bəlkə də mənim indiki ruh halımla bağlıdır, amma mən indi məhz belə fikirləşirəm ki, “yaxşı” nə varsa vurub dağıtmaq lazımdır. Etiraz etmək lazımdır. İstənilən əks fikirə etiraz etmək lazımdır. Düzdür belə olan halda səhvlər çox olacaq, amma səhv etmək gəncliyin haqqıdır.
Yazı Azərbaycan Respublikası Prezidentinin yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının dəstəklədiyi "Qızılbaş" GMİB-nin “Azərbaycan ədəbiyyatında postmodernizm” layihəsi ilə bağlı yayımlanır.