“Azərbaycanda hesab edirlər ki, kişi özünə baxmaz”

azerbaycanda-hesab-edirler-ki-kisi-ozune-baxmaz
Oxunma sayı: 2851


-Qadınlar cildlərinə necə qulluq etməlidirlər? 

-Qadınlar dərilərinə yalnız qış fəslində yox, hər zaman düzgün qulluq etməlidirlər. Qışda vitaminsizləşən dəri daha çox diqqət cəlb edir. Dərilərində piqment ləkələri olan xanımlar isə daha diqqətli olmalıdırlar. Çünki bu fəsildə günəş şüaları aldadıcı olur. Onu da qeyd edək ki, qış  çil problemini aradan qaldırmaq üçün əlverişli fəsildir. Bunun üçün pilinq və fraksional lazerlə daha uğurlu nəticələr əldə etmək olur. Çilin qarşısını almaq üçün tərkibində günəşdən müdafiə faktorları olan kremlərdən istifadə olunmalıdır. Bu cür kremlər evdən çıxmazdan təxmini 30 dəqiqə əvvəl dəriyə çəkilməlidir.

-Qadınlarımız  özləri və cildlərinə qulluq etməyi bacarırlarmı?

-Hamısına şamil etmək olmaz. Amma bunu da unutmayaq ki, dünyada ən baxımlı xanımlar  azərbaycanlılardır.

-Sizə daha çox hansı problemlə bağlı müraciət edirlər? 

-Civzə, ləkə, qırış problemləri daha çox üstünlük təşkil edir. Belə problemlərdən sonra olan fəsadlar şleke izləri və çapıqlar yaradır. Bu problemlərin səbəbləri müxtəlifdir. Bağırsaq mənşəli problemlər, düzgün qida rasionu, duzlu, yağlı, istiotlu qidalanma, ginekoloji problemlər, qurd xəstəlikləri, qəbzlik, az maye qəbulu bu cür problemlərə səbəb ola bilər. 

-Kosmetoloqa gedə bilməyən qadınlara nə məsləhət görüsünüz?

-Heç olmasa ev şəraitində problemlərə qarşı mübarizə aparsınlar və cildlərinə düzgün qulluq etsinlər. 

-Həkim-kosmetoloq  olduğunuz ölkələrin qadınları ilə bizim qadınları müqayisə edəndə hansı qənaətə gəlirsiz?

-Dünanın 40-a yaxın ölkəsində seminar və təlimdə olmuşam. Belə bir qənaətə gəlmişəm ki, bizim qadınlar sadəcə olaraq kosmetoloji prosedurlar haqqında tam maariflənməyiblər. Dəriyə düzgün qulluq etmək qaydalarına  çox az sayda xanımlarımız riayət edir. 

-Kosmetologiya sahəsində hansı yeni üsul və vasitələr yaranıb? 

-Son zamanlar estetik kosmetologiyada inqilab olub. desək heç də yanılmarıq. Buna çox düzgün ad da veriblər: lazerlə cavanlaşma, lazerlə gözəlləşmə. Bütün problemlər fraksional lazerin köməyi ilə aradan qaldırılır. Qırışlar, ləkələr, dəridə təravət, üz ovalında korreksiya, dəri relyefində hamarlanma, göz altında tündlüyün aradan qaldırılması, kollagen, elastin sintezin gücləndirilməsi, şəffaf dəri, sağlam dəriyə sahib olmaq istəyənlər texnologiyanın bu son nailiyyətlərindən istifadə edirlər.  

-Azərbaycanda  kişilərin özlərinə qulluq səviyyəsi necədir? Kişilərə nə məsləhət görürsünüz?

-Azərbaycanda  kişilər kosmetoloji prosedurlara dırnaqarası baxırlar və hesab edirlər ki, kişi özünə baxmaz. əslində sağlam, təmiz, şəffaf və problemsiz dəriyə sahib olmaq ayıb deyil. Cildlərinə düzgün qulluq edib daha da baxımlı görünmək həm kişi, həm də qadın üçün vacibdir.