Azərbaycanda ilk dəfə “Energy Forward” konfransı keçirildi - Fotolar

azerbaycanda-ilk-defe-energy-forward-konfransi-kecirildi
Oxunma sayı: 1387

“Baker Hughes” şirkəti Azərbaycanda ilk dəfə neft və qaz sektorunda məhsuldarlıq, səmərəlilik və təhlükəsizliyi əhəmiyyətli şəkildə dəyişən əsas tendensiyaları müzakirə etmək üçün dünyanın və regionun ideya sahiblərini və texniki ekspertləri bir araya gətirən “Energy Forward” konfransı keçirir. “Qafqazinfo” xəbər verir ki, tədbirin proqramına aparıcı regional və beynəlxalq şirkətləri təmsil edən yüksək nüfuza malik spikerlərlə Xəzər dənizi hövzəsində və dünyanın digər yerlərində neft və qaz sektorunda müşahidə olunan dəyişikliklərin müzakirə olunduğu plenar sessiyalar, habelə rəqəmsal transformasiya, ən müasir intervensiyalar, ağıllı qazma, tam maye həlləri, vəziyyətin monitorinqi və qabaqlayıcı korroziya idarəetməsi, həmçinin sıxılmış ağac və manifold kimi neftçıxarma avadanlıqları barədə geniş texniki sessiyalar daxildir.     

Rami Qasem 

Konfransda çıxış edən “Baker Hughes” şirkətinin rəqəmsal həllər üzrə vitse-prezidenti Rami Qasem bildirib ki, 30 ildir ki, Azərbaycanla əməkdaşlıq edirlər: “Çünki şirkətimiz tək təchizatçı deyil, həm də tərəfdaş şirkətdir. Biz burada quruda və dənizdə olan bir sıra çətin layihələri icra etmişik. Ən son olaraq TANAP layihəsinin başa çatması münasibətilə sizi təbrik edirəm. Şirkətimizin burada 350-dən çox heyət üzvü çalışır. Azərbaycanın uğuru bizim üçün böyük nailiyyətdir”.

Konfransın strateji hissəsində çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Azərbaycan qədim neft və qaz diyarı kimi tanınır: “Dünyada sənaye üsulu ilə neftçıxarmanın əsası 1846-cı ildə, açıq dənizdə neft hasilatının təməli isə 1949-cu ildə Azərbaycan neftçiləri tərəfindən qoyulmuşdur. Ötən ay biz, əfsanəvi Neft Daşlarının 70 illiyini təntənəli şəkildə qeyd etdik.

Hesab edirəm ki, texnologiya ilə zəngin bir gündəliyə malik olan bu tədbir gələcək illərdə Azərbaycanda və dünyada neft əməliyyatlarının təhlükəsiz, səmərəli, etibarlı və məhsuldar bir şəkildə uğurla davam etdirilməsinə müsbət töhfə verəcək.

Azərbaycanda sənaye üsulu ilə 2 milyard tondan çox neft və 900 milyard kubmetrə yaxın təbii qaz hasil edilib.Bu gün bizim işlənmədə, lakin ehtiyatları tükənmək üzrə olan yataqlarımızın sırasına yüz illərlə tarixə malik Bibiheybət, Balaxanı, Suraxanı kimi yataqlar vardır. Bu yataqlar yüksək su tərkibli olmasına baxmayaraq hələ də məhsuldar laylara malik, aqressiv korroziya və eroziya mühiti ilə səciyyəvi yataqlardır.

Bu sıraya ağır neftli qeyri-ənənəvi yataqlar, sahilə yaxın yerləşən dayazsulu və özünəməxsus xüsusiyyətlərə malik olan “Bahar”, “Qərbi Abşeron” yataqları, nəhəng Neft Daşları, “Səngəçal-Düvannı-Xərə Zirə” yataqları, “Günəşli” yatağının dayazsulu hissəsi və nəhayət “Bulla”, “Şahdəniz”, “Ümid”, “Abşeron” kimi son dərəcə çətin, yüksək təzyiqli və yüksək temperaturlu yataqlar da daxildir.

Bütün bunlar indiyə qədər misli görünməmiş, lakin həllini gözləyən çağırışlar deməkdir. Hal-hazırda bir çox aktiv kəşfiyyat işləri həyata keçirilir və planlaşdırılır. Gələcəkdə bizi daha yeni və fərqli çağırışlar və imkanlar da gözləyir.

Xəzər dənizində SOCAR-ın Qazma tresti tərəfindən “Bulla-91” kəşfiyyat quyusunda "Baker Hughes" ilə birgə quyu dibi təzyiqlərin idarəolunması ilə qazma texnologiyası uğurla tətbiq edilməkdədir. Bunlar bizim ən son texnoloji yeniliklərin tətbiq olunması ilə əldə etdiyimiz mükəmməl birgə nailiyyətlərimizdir.

Əlbəttə ki, bu nailiyyətlər yeni texnologiyaların tətbiqi sayəsində mümkün olub, lakin eyni zamanda bu uğurların qazanılmasında davamlı olaraq yeni əməkdaşlıq formalarının tətbiqi də mühüm rol oynayıb. Burada ən böyük beynəlxalq neft şirkətləri, podratçı şirkətlər, xidmət və təchizat şirkətləri, elmi araşdırma qurumları, həmçinin təhsil qurumları ilə əməkdaşlıq modellərini qeyd edə bilərəm".

SOCAR prezidenti vurğulayıb ki, dünən olduğu kimi, bugün də uzunmüddətli əməkdaşlıq modellərinin tətbiqinə tam şəkildə açıqdırlar: "Bilirik ki, hasil etdiyimiz karbohidrogen ehtiyatlarının hər bir barrelinə nisbətən növbəti barreli hasil etmək daha çətindir. Odur ki, daha səmərəli, daha dayanıqlı və daha innovativ metodlarla çalışmalıyıq. Yalnız bu şəkildə mövcud uğurları davam etdirərək, yeraltı sərvətlərdən daha çox dəyər əldə edə bilərik.

Təsəvvür edin ki, Azərbaycanda 2 milyard tondan çox neft hasil edilib. Bu, tək bizim üçün deyil, dünyanın bütün digər neft hasilatı ölkələri üçün də böyük rəqəmdir. Ancaq eyni zamanda bu o deməkdir ki, əgər biz hal-hazırda çıxarılabilən neftin misal üçün 50 faizini hasil etməyi bacarırıqsa, deməli, yerin altında hələ hasil oluna bilməyən daha 2 milyard ton neft ehtiyatı mövcuddur. Ortaya belə bir sual çıxır ki, nə üçün biz mövcud texnologiyaların sərhədlərini genişləndirməyək və daha çox ehtiyatları hasil etmək üçün iqtisadi cəhətdən sərfəli olan yeni yollar axtarıb tapmayaq?

Sənaye 4.0 erasının bizə verdiyi misilsiz fürsətlər – big data - böyük verilənlər bazasının rəqəmsal analizi, elastik bulud texnologiyaları, yeni məlumatların emal, interpretasiya texnologiyaları və süni zəka - bu alətlər və yanaşmalar bizdən tələb edir ki, daha faydalı nəticələr almaq üçün yeni alətlər və yeni yanaşmalar yaradaq.

SOCAR olaraq dəyər zəncirinin bütün həlqələrini – geofizika, quyuların qazılması, əməliyyatların və layihələrin idarəolunması, SƏTƏM, nəql və emal sahələrini əhata edən idarəetmə və qəraralma proseslərində rəqəmsallaşmaya nail olmaq üçün müvafiq yol xəritəsi üzərində müxtəlif texnoloji partnyorları cəlb etməklə böyük əzmlə çalışırıq.

Digər tərəfdən qlobal birliyin iqlim dəyişiklikləri ilə bağlı getdikcə artan narahatçılığı da başa düşürük və SOCAR olaraq bilirik ki, dayanıqlı və mənfəətli şirkət eyni zamanda təhlükəsiz iş mühitinə malik olmalı, ətraf mühitə və ictimai problemlərə dərin məsuliyyət hissi ilə yanaşmalıdır.

Bizim uğur yolumuz məqsədəuyğun texnologiya və partnyorluqların tətbiqindən keçir. Eyni zamanda biz bu uğuru tərəfdaşlarımız və aparıcı şirkətlərlə birlikdə qazanmaq istəyirik. Biz, çox ilklərə imza atmış ölkə olaraq bu gün əməkdaşlıq və böyümə sayəsində öz aparıcı mövqeyimizi möhkəmləndirmək istiqamətində inamla irəliləyirik”.

Gary Jones

Daha sonra plenar sessiyada çıxış edən BP şirkətinin regional direktoru Gary Jones vurğulayıb ki, dünyada enerjiyə olan təlabat getdikcə artır: "2040- ci ilə qədər təlabat 30 faiz artacaq. Bunu necə qarşılayacağımızı düşünməliyik. Eyni zamanda bilirik ki, iqlim dəyişmələri də aktual məsələdir. Əlbəttə, karbohidrogen yataqlarının istismar edilməsi davam edəcək. Ancaq hasilat ətraf mühitə az təsir etməlidir. Ona görə də hamı bir araya gəlməlidir ki, gələcək nəsillər enerjidən istifadə edə bilsin".

Elnur Soltanov

Energetika nazirinin müavini Elnur Soltanov bildirib ki, Azərbaycan tullantıların azaldılması ilə bağlı öhdəlikləri yerinə yetirmək əzmindədir: “Azərbaycan atmosferə atılan karbon dioksidin azaldılması ilə bağlı öhdəlikləri yerinə yetirmək əzmindədir. Azərbaycan atmosferə atılan karbon dioksidin azaldılmalı ilə bağlı müəyyən beynəlxalq öhdəliklər götürüb. Ölkəmiz kiçik ölkədir, qlobal miqyasda təsir azdır, amma müəyyən öhdəlikləri var. Hökümətin də əsas məqsədindən biri budur. Biz öhdəlikləri yerinə yetirmək əzmindəyik, həmçinin tənzimləyici mühiti təkmilləşdirmək niyyətindəyik”.

Xatırladaq ki, tədbirdə həmçinin "Baker Hughes" tərəfindən ilk dəfə Azərbaycanda təqdim olunan ən müasir texnologiyaların nümayiş olunduğu sərgi keçirilib. Sərgidə Xəzər dənizi regionundan olan bütün ölkələrin təmsilçiləri üçün ən son innovasiyalar və qabaqcıl texnologiyalar, o cümlədən süni zəka, periferik hesablama (edge computing) və yeni nəsil fakelin işinin optimmallaşdırılması barədə məlumat əldə etmək imkanı qazanıb. 

Tədbirdə “Baker Hughes” şirkətinin sualtı texnologiyaların gələcəyi ilə bağlı yanaşması - Subsea Connect, həmçinin qazma və tamamlama işləri üçün qabaqcıl neftçıxarma texnologiyaları nümayiş olunub.

Digər bölmə isə karbon və metan tullantılarının azaldılmasına yönəlmiş yeni enerji gələcəyini nəzərdə tutan rəqəmsal həllərə həsr olunub. 

Plenar sessiyanın sonunda "Baker Hughes" və SOCAR yuxarı axın əməliyyatlarında səmərəli quyuların konsepsiyasının işlənib hazırlanması və icrası ilə bağlı anlaşma memorandumu imzalayıb. Bildirək ki, bu layihənin əsas məqsədi yeni quyularda səmərəliliyin artırılması imkanlarının müəyyən olunması və əldə edilməsidir.

Günel Türksoy