Azərbaycanda insan kapitalını necə inkişaf etdirməli? - Təkliflər

azerbaycanda-insan-kapitalini-nece-inkisaf-etdirmeli
Oxunma sayı: 2588

36 saylı Xətai dördüncü seçki dairəsindən deputatlığa namizəd Natiq Məmmədov Azərbaycanda insan kapitalını inkişaf etdirməklə bağlı təkliflərini səsləndirib. “Qafqazinfo”ya daxil olan məlumata görə, insan kapitalına qoyulan investisiya bütün cəmiyyət üçün faydalıdır: “Ötən əsrin 70-ci illərinə qədər iqtisadi artımın və inkişafın başlıca hədəfi adambaşına düşən gəlirlərin artırılması və rifah səviyyəsinin yüksəldilməsi kimi qəbul edilirdi. Bu dövrdən sonra inkişaf mərhələsində insan faktorunun əhəmiyyəti məsələsi də ön plana çıxmağa başladı. Belə məsələlərin ortaya çıxmasıyla Birləşmiş Millətlər İnkişaf Proqramı (UNDP) 1994-cü ildə “İnsan İnkişafı Hesabatı” ilə qəbul edilən yeni strategiyanın adını “Davamlı İnsan İnkişafı” olaraq ifadə edib.

İnsan potensialının inkişafı dörd vacib paradiqmaya - uzun və sağlam həyata, biliyə, layiqli həyat üçün tələb olunan resurslara malik olmağa və ictimaiyyətin həyatında iştiraka diqqət ayırır. İnkişafın bu paradiqması əsasında dayanan ideyalar yeni deyildi, onlar hələ Aristotellə bağlıdır. Aristotel sübut edir ki, “sərvət bizim cəhd etdiyimiz nemət deyildir, belə ki, o, nəyinsə naminə faydalıdır”.

Müasir yanaşmada hesab edirdilər ki, təhsilə, səhiyyəyə, miqrasiyaya və digərlərinə yönəldilən investisiyalar gələcəkdə böyük gəlirlər əldə etmək məqsədi ilə səmərəli şəkildə qoyulur. İnsan kapitalına qoyulan investisiya və xərclər ailə və bütün cəmiyyət üçün faydalı olmaqla maddi tələbatın yüksəldilməsinə xidmət edir.

Avrasiya İnsan İnkişafı Fondunun dünya ölkələrinin inkişafında insan amilinə dair hazırladığı hesabatda qeyd olunur ki, iqtisadiyyatda insan kapitalı ona yönələn investisiyanın həcmi ilə ölçülür. Dünyada iqtisadi artımın 16 faizi fiziki kapital, 20 faizi təbii ehtiyatlar, 64 faizi isə insan kapitalı hesabına əldə olunub. İnsan kapitalına yönələn xərclərin artması nəticədə həmin ölkənin gələcəkdə daha da inkişaf etməsinə səbəb olur”.

Azərbaycan üçün əsas hədəfləri necə görürük?

Azərbaycanda da xüsusən son illər bu istiqamətdə əhəmiyyətli addımlar atılır. Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2012-ci il tarixli “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasında da ənənəvi iqtisadiyyatdan “bilik iqtisadiyyatına” keçidin əsasının qoyulması, bunun üçün həlledici olan insan kapitalının adekvat inkişafı ön plana çəkilir. Qeyd etmək lazımdır ki, ölkədə innovasiya siyasəti üzrə əsas strateji xətt büdcə siyasəti sferasında inkişaf etmiş ölkələrin standartlarına keçidin təmin edilməsindən ibarətdir. Bu o deməkdir ki, təhsilin maliyyələşdirilməsi səviyyəsinin ÜDM-də xüsusi çəkisinin 7%, səhiyyənin 6%, elmin 3% olması zəruridir.

Bizim apardığımız araşdırmalar, beynəlxalq təcrübənin uğurlu nümunələrin təhlili göstərir ki, bu istiqamətdə əlavə səylərə ehtiyac var. Bu ilk növbədə təhsil sistemini əhatə etməlidir. Minimal səviyyədə ehtiyacların təmin edilməsi zərurətindən müəllimlərin repetitorluq etməsi bu gün adi haldır. Hazırda ibtidai siniflərdən başlayaraq repititorun xidmətlərindən istifadə etmək məcburiyyəti əksər ailələr üçün ağır yükə çevrilib. Abituriyentlər pedaqoji ixtisaslara ən aşağı ballarla daxil olurlar. Bu isə müasir tələblərə cavab verən pedaqoji kadr bazasının yaradılmasında çətinliklər yaradır. Bu çox ciddi çağırışdır və təhsil sistemində islahatların əsas hədəflərindən biri bu problemin həlli olmalıdır. Bu məqsədlə bütün maraqlı tərəflərin müzakirələri aparılmalı və mövcud resurslar nəzərə alınmaqla yeni yanaşma ortaya qoyulmalıdır.

Digər mühüm istiqamət səhiyyənin inkişafıdır. 2020-ci ilin dövlət büdcəsində səhiyyə xərcləri 1 milyard 369 milyon manata yüksəlib. Yəni, 2020-ci ilin dövlət büdcəsində icbari tibbi sığortanın tətbiqi ilə bağlı xərclər də nəzərə alınmaqla səhiyyə xərcləri bu illə müqayisədə 326,5 milyon manat və ya 31,3 faiz artırılıb. Amma bu da yetərli deyil. Ümumilikdə, 2020-ci il dövlət büdcəsində elm, təhsil, səhiyyə, sosial müdafiə və sosial təminat, mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər faəliyyət xərcləri üçün 8405,0 milyon manat vəsait nəzərdə tutulub. Bu sahələr üzrə nəzərdə tutulmuş xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 31,3 faiz, ÜDM-ə nisbətən 10,1 faiz təşkil edəcək. Növbəti illərdə bu xərclərin strukturuna yenidən baxılmasına və artırılmasına ciddi ehtiyac var. Dünya praktikasından istifadə edərək maliyyələşmə əvvəlcədən müəyyən edilən inkişaf meyarları əsasında aparılmalıdır.

Ailələrin dəstəklənməsi də gündəlikdə olmalıdır. Hazırkı model nə dünya təcrübəsinə cavab verir, nə də cəmiyyət tərəfindən qəbul olunur. Xüsusən uşaqpulunun verilməsi ilə bağlı daha kompleks yanaşma tətbiq olunmalıdır. Burada resurslar nəzərə alınmaqla mövcud iqtisadi potensialın imkan verdiyi həddə dəstək tədbirləri görülməli və gələcəkdə artırılması üçün ehtiyatlar yaradılmalıdır.

Ən vacib və XXI əsrdə qlobal rəqabətdə mövqeləri möhkəmləndirəcək məsələlərdən biri də yüksək texnologiyalar və innovativ layihələr üçün mütəxəssislər potensialının, mühitin, şərtlərin, zəminlərin formalaşdırılmasıdır. Bu məqsədlə yüksək texnologiyalar və innovativ layihələr üçün selektiv kreditləşdirmə proqramları işlənib hazırlanmalıdır.

Azərbaycan bir sıra xidmətlərdə, nəqliyyat, logistika, İKT, maliyyə texnologiyaları, turizm kimi sahələrdə regional mərkəzə çevrilmək imkanları var. Bu məqsədlə sub-sektoral inkişaf və investisiya planları hazılanmalıdır. Amma bunun üçün ilk növbədə bu planları gerçəkləşdirəcək mütəxəssis potensialını formalaşdırmaq üçün çalışmalıyıq.

Bütün bunlar güclü iqtisadiyyat qurmağın əsas şərtləridir, güclü iqtisadiyyat isə firavan vətəndaş deməkdir.

Parlament nə etməlidir?

Hesab edirəm ki, ölkəmizdə gerçəkləşən islahat proqramında bu məsələlər də gündəlikdə saxlanılmalıdır. Bunu yeni parlamentin də əsas vəzifələrindən biri kimi görürəm. Düşünürəm ki, yeni millət vəkilləri bu cür qlobal çağırışları anlamalı və adekvat tədbirlərin görülməsi üçün təşəbbüslər göstərməyə hazırlıqlı olmalıdırlar. Parlament mövcud resursların bu sahələrə effektiv və səmərəli yönləndirilməsində, bu istiqamətlər üzrə xarici sərmayənin cəlb olunması üçün əlverişli mühitin yaradılmasında vacib rol oynaya bilər. Məhz bu formada parlament, millət vəkilləri Azərbaycan prezidenti və Birinci Vitse Prezidenti, formalaşan yeni iqtisadi komandanın islahat proqramının gerçəkləşdirməsinə töhfə verə bilərlər.