Bir neçə müddətdir ki, dövlət provayderləri olan “Aztelekom” İB və “Bakinternet” İB istifadəçiləri internetin sürətinin zəif olmasından şikayətlənirlər. Bununla bağlı “Qafqazinfo”nun redaksiyasına şikayətlər daxil olub. Həmçinin Facebook istifdəçiləri də son günlər internetin sürətinin azaldığını bildirilər. Bundan başqa elə redaksiyanın əməkdaşları da ciddi şəkilə bu problemlə üzləşiblər. Məsələ ilə bağlı “Qafqazinfo” araşdırma aparıb.
İstifadəçilər qeyd edir ki, provayderlər müqavilədə göstəriləndən bir neçə dəfə az internet sürəti qəbul edirlər. Məsələn, “Bakinternet” istifadəçiləri şikayətlərində bildirir ki, hər ay 20 manat internet haqqı ödəyirlər. Əvvəllər belə bir problem olmayıb. Lakin son bir neçə aydır ki, ciddi şəkildə internet problemi var. Tez-tez internet itir, bəzən modemin bütün işiqları yaşıl yansa da, adı saytlara belə girməkdə çətinlik çəkilir.
“Aztelekom” istifadəçiləri də eyniylə sürət problemi ilə qarşılaşdıqlarını qeyd edirlər. Belə ki, provayerlə olan müqavilədə şirkət 20 manata 4096 kbit/s internet xidməti göstərmək öhdəliyi götürsə də, bu ilin əvvəlindən başlayaraq sürət heç 2000 kbit/s-ə də çatmır.
Ekspert Osman Gündüz də internetin keyfiyyəti ilə problemə facebook hesabında münasibət bildirib. O qeyd edib ki, ölkələr üzrə İnternetin sürəti ilə bağlı rəqəmlər bu sahədə oturuşmuş və peşəkar qurum olan Net İndex təşkilatının növbəti hesabatından götürülüb. Net İndex müxtəlif ölkələrdə İnternetin orta sürətini müəyyən etmək üçün yenidən testlər keçirib. Ölkələr üzrə müxtəlif provayderlər vasitəsilə İnternetdən istifadə edənlərin orta İnternet sürətinə uyğun Reytinq cədvəli tərtib edilib.
Azərbaycandan 20 Provayderin müştəriləri arasında İnternetin sürəti ilə bağlı çoxsaylı testlər keçirilib. Testlərin nəticəsi olaraq ölkə üzrə orta sürət göstəricisi çıxarılıb.
Testlər son bir ay ərzində aparılıb. Azərbaycan üzrə İnternetin orta sürəti 4.25 Mbit/san olub.
Ölkələr üzrə İnternetin sürəti ilə bağlı Reytinq Cədvəlindən (http://www.netindex.com/) çıxarış :
33 - cü yer
Rusiya
20.81 Mbps
39- cü yer
Ukrayna
19.05 Mbps
58- cü yer
Qazaxıstan
13.11 Mbps
62- cü yer
Gürcüstan
12.26 Mbps
73- cü yer
Ermənistan
10.12 Mbps
78- cü yer
Qırğızıstan
9.03 Mbps
133 - cü yer
Azərbaycan
4.27 Mbps
167- cü yer
Özbəkistan
2.74 Mbps
Net İndex-in nəticələrinə görə Azərbaycanda istiafdəçilər üzrə ən aşağı orta sürət göstəricisi olan Provayderlər aşağıdakı dövlət Provayderləridir :
Aztelekom:
2.65 Mbps
Bakinternet :
2.54 Mbps
Əslində, statusda qeyd olunan İnternetin qiymətləri ilə bağlı məlumatdan sonra bu cür arzuolunmaz nəticə gözlənilən idi. Xeyli müddətdir ki, Provayderlər qiymətləri endirmək istəmirlər və nədənsə RİTN və “Delta Telecom” da bu vəziyyətlə barışırlar. Və hətta bəzən İnternet qiymətləri ilə bağlı reallığı əks etdirməyən açıqlamalar da verilir.
Amma real vəziyyət və göründüyü kimi beynəlxalq statistikanın nəticələri də tam əksini göstərir. Son illərdə qonşu ölkələrdə ciddi qiymət islahatları aparılıb. Azərbaycanda isə son dəfə 3 il bundan öncə belə bir uğurlu addım atılmışdı. Fikrimizcə, həqiqətən də indiki halda ölkədə internetin qiyməti və keyfiyyəti ilə bağlı köklü dəyişikliklərə ehtiyac var. Artıq bu cür situasiya ilə ilə bağlı AİF tərəfindən RİTN və Delta Telecom-a da müraciət olunub. Həm də ümid edək ki bu il reallaşmağa başlayan “Evlərə optika” Layihəsi də ölkəmizdə İnternetin sürəti və keyfiyyəti əhəmiyyətli dərəcədə yüksələcək
“Turan “ İnformasiya agentliyinin redaktoru İlham Şaban da internetdə olan problemə toxunub. İlham Şaban facebook hesabında qeyd edib ki, Rabitə və İnformasiya Nazirliyinin balansında olan "AzEuroTel" müəsisəsində aylıq telefon abunəsi 7,6 AZN, İnternet xidməti isə 3 Mbsan üçün 25 dollar, yəni 20 AZN-dir: “Uzaq xarici demirik, vaxtilə Sovetlərə daxil olduğumuz ölkələrdə bu vəsaitə indi rahatca 20-25 Mbsan sürətli internet təklif edirlər. Nazirliyin "Bakinterneti" isə 1 Mbsan üçün 10 AZN alır və əvəzində demək olar olar ki, xidmət də göstərmir. Pik vaxtlarında kimdən bu tariflə bağlı soruşursan, cavab verir ki, işləmir”.
“Sahil İT” rəhbəri Vahid Qasımov internetin keyfiyyəti ilə bağlı hər hansı problemlə üzləşmədiyini deyir. Bununla bərabər o problemdən çıxış yollarını göstərir: “Bu problem telefon xətlərin yeniləşməsi ilə düzəlir, amma vaxt keçdikcə xətlər pisləşir, internetin sürəti də ona bağlı olaraq azalır. Eyni zamanda, soyuqda yarıkeçiricilərin müqaviməti artırdığına görə, elektron alətlərin qeyri-stabil işləməsi ola bilər. Modem kimi ucuz elektron cihazlar soyuq yerdə durursa, onların da təsiri ola bilər. Çalışın ki, modeminiz istiliyi +20 dərəcə olan yerdə dursun”.
V. Qasımov bildirib ki, internet istifadəçilərin sayının artması ilə, providerlərin trafiki çatdırmama və bölmə məsələsi də var: “Nəzərə alsaq ki, yanvar-fevral aylarında universitetlər tətildədir, ev kompyuterlərindən internetdən daha çox istifadə olunur və trafik daha çox bölünür. Problemin obyektiv səbəbləri bunlardır. Providerlərin qəsdən sürəti aşağı salınması ehtimalını şəxsən mən vermirəm. Elə bir şey olsa, Osman Gündüz “canlarını alar””.
“Aztelekom” İB-nin baş direktorunun müavini Mehman Həsənov məsələ ilə bağlı “Qafqazinfo” ya açıqlamasında qeyd edib ki, hazırda beynəlxalq trafikdə və yerlərə internetin ötürülməsində heç bir problem yoxdur: “Ola bilər ki istifadəçinin daxili şəbəkəsində hər hansı problem var. Yəni komputerdə virus, əlavə proqlamlar ola bilər. Ya da komputer göstəricilərinə görə aşağı səviyyəli ola bilər və.s. İnternetin verilməsində keyfiyyət təsir edən amil təkcə provayderlə əlaqədar deyil, bu həmçinin abunəçi tərəfindən də ola bilər. Hər hansı belə problem varsa, bizə konkret nömrə təqdim edin ki, problemi araşdıraq. Bununla əlaqədar sorğu mərkəzimiz də var. Abunəçilər yaranmış problemlərlə bağlı sorğu mərkəzinə müraciət edə bilərlər. Bunun üçün onlara operativ xidmət dairəsi yaradılıb. Bu da yüksək səviyyədə xidmət deməkdir. Ölkə rəhbərinin sərəncamına uyğun olaraq 2013-cü il İKT ili elan olunmuşdu. Bununla əlaqədar bizim bizim bir sıra əlavə layihələrimiz var. Planlaşdırılır ki, şəhərlərdə abunəçilərə verilən internetin sürəti 100 mbit/s şəhərdənkənar yerlərə, bölgələrə is 10,30 mbit/s olsun. Nazirliyin son kollegiya iclasında da bildirildi ki, ölkədə əhalinin internet xidmətlərinə tələbatının artması və yaradılmış texniki imkanların nəticəsində beynəlxalq internet kanallarının ümumi tutumu 10 Gbit/s artırılaraq 210 Gb/s-ə çatdırılıb. Hazırda ölkədə hər 100 nəfərə düşən internet istifadəçilərinin sayı 70-ə, genişzolaqlı internet istifadəçilərinin sayı isə 50-yə bərabərdir.
“Aztelekom” marağı odur ki, abunəçiləri yüksək keyfiyyətli internet ilə təmin etsin. Bu problemlərə qlobal və kompleks şəkildə yanaşmaq lazımdır. İndi evlərə optik xətlər çəkilir. Bunun içərisində İP TV, multimedia xidmətləri də olacaq. Mərkəzlərdə avadanlıqlar quraşdırılıb. Bölgələrdə də proses davam edir. 2013-cü ilin dekabr ayında regionlara yüksək keyfiyyətli internet xidmətini təşkili məqsədilə Yevlaxda Regiona İnternet Provayder mərkəzi açıldı. Bu da ən ucqar kəndlərdə belə abunəçilərin yükək keyfiyyətli internetlə təmin olunmasına imkan yaradıb”.
Məsələ ilə bağlı Bakı Telefon Birliyinin direktor müavini Xankişi Kişiyevlə də əlaqə saxladıq. Xankişi Kişiyev bildirib ki, “Bakinternet” –in 155 saylı sorğu mərkəzi var: “Fərdi qaydada problem varsa, abunəçilər bura müraciət edə bilər. Kütləvi qaydada isə hər hansı problem yoxdur. Bütün dünyada sadəcə İP ünvanlar bitib. Bununla əlaqədar bizim bölgədə də qıtlıq yaranıb. İnternet bir şəbəkə sistemidir. Burda istifadəçinin modemində, kompyuterində, müraciət etdiyi saytlarda problemlər ola bilər. İndi internet resurslarının həcmi 3-4 gb artıb. Bu da 1 saniyədə hardasa 1 trilyon əməliyyat deməkdir. Bu gün internet istifadəçilərinin sayı gün- gündən artır. Abunəçilərin sayı 5-10 min təşkil edir. 160 min online istifadəçimiz var. Hazırda bazarda çoxlu sayda provayderlər var. Əgər hər hansı narahatlıq olsaydı, abunəçilər digər provayderlərə müraciət edərdilər”.
Qeyd edək ki, ötən həftə Rabitə və İnformasiya Texnologiyaları Naziri Əli Abbasov mətbuata açıqlamasında bildirib ki, Azərbaycanda internetin sürəti və keyfiyyəti regionda lider pozisiyalardan birindədir: “Azərbaycanın internetə çıxışını təmin edən “Delta Telekom” xidmətlərindən Gürcüstan, İran və Orta Asiyada da istifadə olunur: “Hələ bizdə olan məlumata görə, Gürcüstan üzərindən Ermənistan da bu internetdən istifadə edir. Amma biz bunu görə bilmirik”.
Günel Türksoy