“Azərbaycanda intiharların sayı inkişaf etmiş ölkələrdən xeyli aşağıdır”

azerbaycanda-intiharlarin-sayi-inkisaf-etmis-olkelerden-xeyli-asagidir
Oxunma sayı: 1140

Milli Məclisdə təhsillə bağlı dinləmə keçirilməsi təklif olunur.

“Qafqazinfo” xəbər verir ki, bu təkliflə Milli Məclisin Elm və təhsil komitəsinin üzvü, deputat Ceyhun Məmmədov komitənin bugünkü iclasında çıxış edib. Deputat təhsildə baş verən dəyişikliklərin və yeni tendensiyaların müzakirəsi üçün dinləmənin keçirilməsinə ehtiyac olduğunu bildirib.

Həmkarı Kamilə Əliyeva isə dinləmələrin məktəbli ölümləri ilə bağlı keçirilməsini təklif edib: “Məktəbli uşaqlar arasında ölüm hallarında artım müşahidə edilir. Bunun müxtəlif səbəbləri var - intiharlar, xəstəlik və sair. Düşünürəm ki, orta məktəblərdə psixoloqların vəzifə öhdəlikləri və fəaliyyətləri ilə bağlı da müəyyən addımlar atılmalıdır”.

Komitə sədri Bəxtiyar Əliyev ölkədə uşaq ölümlərinin sayının artması ilə bağlı deyilənlərin həqiqətə uyğun olmadığını bildirib: “Statistikaya əsasən deyə bilərik ki, Azərbaycanda intihar hallarının sayı inkişaf etmiş ölkələrdən xeyli aşağıdır. Lakin hər bir ölüm halı bizim üçün siqnaldır, ağrılıdır. Çalışmalıyıq ki, bunun qarşısını alaq”.

Nizam Rza