“Qafqazinfo” xəbər verir ki, bu sözləri Badamdar qəsəbəsində yerləşən, “maşın bazarı” kimi tanınan Bakı Avtomobil Satışı Mərkəzinin satıcısı Azər Abbasov “Bizim Yol” qəzetinə bildirib. Mərkəzdə avtomobillərin alışı və satışı və dəyişdirilməsi həyata keçirilir. Bu fəaliyyətlə avtomobil şirkətlərinin rəsmi dileri məşğul olur.
Söhbət etdiyim satıcılar avtomobillərin qiymətinin hazırda stabil olduğunu deyərək, yanvarın sonlarından artacağını gözlədiklərini dedilər. Onu da öyrəndim ki, maşın bazarında son qiymət artımı 2014-ci ilin sentyabr ayında baş verib. Buna səbəb daşınmada və icarə haqqında qiymətlərin artırılması olub.
Budəfəki qiymət artımına səbəb isə Vergi Məcəlləsinə edilən son dəyişikliklərdir. Ddəyişikliklərə əsasən, Azərbaycana xaricdən gətirilən avtomobillərə görə ödənilən aksiz vergisini məbləğləri artırılır. Qiymət artımı mühərrikinin həcmindən asılı olaraq dəyişəcək. Mühərrikinini həcmi 2 000 kubsantimetrə qədər olan avtomobillərdə mühərrikin hər kubuna görə aksiz vergisinin məbləği 15 qəpikdən 20 qəpiyə, mühərriki 2000-300 kubsantimetr olan avtomobillərdə 1 manatdan 1,5 manata, 3000-4000 kubsantimetr olan avtomobillərdə 2 manatdan 4 manata, 4000-5000 kubsantimetr avtomobillərdə 4 manatdan 8 manata, mühərrikinin həcmi 5 000 kubsantimetrdən artıq olan avtomobillərdə isə 4 manatdan 10 manata qaldırılıb. Son dəyişikliklərə diqqət yetirəndə bəlli olur, mühərrikinin həcmi daha bahalı olan avtomobillərdə daha yüksək qiymət artımları müşahidə ediləcək. Satıcıların sözlərinə görə, onlar qiymət artımında maraqlı deyillər. Belə ki, avtomobillərin bahalaşması bazarı daha da «öldürür».
«Qanuna edilən son dəyişikliklər nəticəsində maşınların qiyməti 5-10 min manat bahalaşacaq. Bu o deməkdir ki, biz maşın alveri ilə məşğul olmayaq! Çünki maşınların qiyməti ilə əksər insanların ailə büdcəsi uyğun gəlməyəcək.
Dərd burasındadır ki, dəyişiklik nəticəsində ölkəyə yeni, keyfiyyətli avotomobillərin gətirilməsinin qarşısı alınacaq. Açığı elə bunu da istəyirdilər. Onsuz da xeyli vaxtdır avtomobillərin Bakıya gətirilməsinə qeyri-qanuni manelər yaradırdılar. Belə ki, maşınlara qoyulan “haqq”ın qiymətini qaldırdılar. Nəticədə keçən il ölkəyə gətirilən avtomobillərin sayı əvvəlki illərə nisbətən azaldı. Əlbəttə buna səbəblərdən biri də avtomobillərin Avro-4 standartlarına uyğun olması tələbidir. Bir sözlə işlənmiş, köhnə avtomobillərin və Rusiya istehsalı olan maşınların ölkəyə idxalına qadağa qoyulub”, deyə satıcı Ağa bildirdi.
O deyir ki, internetdə araşdırma aparsa da, aksiz vergisinin artırılmasının səbəbləri ilə bağlı deputatların açıqlamasına rast gəlməyib: “Hər bir qərarın səbəbi müəyyənləşməli və nəticəsi proqnozlaşdırılmalıdır. Biz rəsmi şəxs olmaya-olmaya atdığımız addım haqqında öncədən fikirləşirik. Ölkə səviyyəsində qərar verirlər, amma buna nə səbəb, nə əsas, nə də nəticə göstərirlər.
Açığı qiymətlərin artması ilə bağlı söz-söhbətlər var idi. Biz inanmırdıq sahibkarların pulu ilə büdcəni doldurmaq niyyətləri olsun. Amma oldu. Şəhərdə belə bir söhbəti yayırdılar ki, əhali avotmobillərin sayının artmasından və dolayısı ilə tıxacların yaranmasından narazıdırlar. İndi narazılığının qarşısını almaq üçün bunu ediblər? Guya ki, kasıbları sevindiriblər, əhalinin qeydinə qalıblar da. İşimizlə əlaqədər ildə azı iki dəfə xarici ölkələrdə oluruq. Onları da, bizi də görürük. Bakıda tıxacların yaranmasına səbəb düzgün nəqliyyat infrastrukturunun olmamasıdır. Saldıqları yollar, körpülər, keçidlər təəssüf ki, plansız, əlaqəsiz həyata keçirilir. Çox uzağa getməyək, hamımızın tanıdığı “20 yanvar” dairəsinin üzərində olan körpünü yəqin görmüsünüz. O körpünün üzərindən maşın keçdiyini nə vaxt görmüsünüz? Yaxud da “3-çü mikrorayon” dairəsinin üzərində olan körpülərin üzərində bəlkə maşın görmüsünüz? Elə ediblər ki, milyonlarla maliyyə vəsaitinin xərcləndiyi körpülər yararsız, lazımsız vəziyyətdə düşüb. Paytaxt şəhərimizdə yollar keyfiyyətsizdir və ensizdir. Dayanacaqların da qiyməti ot tutub yanır. Xaricdə Azərbaycanın əhalisindən artıq şəhərlər var. Niyə orda Bakıdakı qədər tıxac olmur? Bunu araşdırsınlar. Dövlətin büdcəsini plansız, nəzarətsiz xərcləyiblər. İndi kimlərinsə səhvinə görə, sahibkarları qurban vermək nə demək? Bu ən böyük səhvdir!”
Maşın bazarında müşahidə apararkən 2015-ci ilin buraxılışı olan avtomobillərə də rast gəldim. Öyrəndim ki, bu ilin istehsalı olan “Mitsubishi” markalı avtomobilin qiyməti hazırda 47 min manatdır. Mühərrikinin həcmi böyük olan bu avtomobillərin gələn aylarda qiymətinin artacağı gözlənilir.
Satıcı bildirir ki, qanuna olan yeni dəyişiklik nəticəsində mühərrik həcmi böyük olan avtomobillər ölkəyə az gətiriləcək: “Belə olan halda bu da qiymətlərin artımına səbəb ola bilər. Amma maşını alıb, qarın, yağışın altında saxlamaq niyyətimiz də yoxdur. “Çip”ə oxşar avtomobilləri sifarişlə gətirməyi planlaşdırırıq. Elə indilərdə həmkarlarla qərara aldıq ki, gələcəkdə balaca maşınları- mühərrik həcmi kiçik olan avtomobilləri ölkəyə gətirək. Çünki tələbat bu maşınlara olacaq”.