“Qafqazinfo” xəbər verir ki, bunu gun.az saytına müsahibəsində millət vəkili Mübariz Qurbanlı deyib. O, bildirib ki, ölkədə korrupsiyaya qarşı mübarizə ilə əlaqədar Prezidentin kəskin çıxışı və bunu həyata keçirmək üçün sürətli olaraq addımlar atması, bu cür hadisələrin qarşısını aldı: “Bəli, harınlamış məmurun qarşısını almaq üçün Prezident öz mesajını verib və onun mesajı da öz təsirini göstərməkdədir. Bu təsiri biz hər gün hiss etməkdəyik. Ona görə də əgər zamanında Ukraynada və ya başqa yerlərdə ölkədə gedən prosesləri dəqiq təhlil edib, bunun qarşısını almaq üçün zamanında tədbirlər görülsəydi, əlbəttə, bu cür hadisələr baş verməzdi.
Amma Ukraynanı təhlil edən həm Ukrayna, həm Rusiya, həm Qərb politoloqları yekdil fikirdədirlər ki, ölkədə islahatların aparılmaması və bütövlükdə hakim elitanın ölkənin problemləri ilə bağlı lazımi tədbirlər görməməsi bu cür qarşıdurmaya gətirib çıxarır və çıxardı. Burada xarici amil həlledici rol oynamır. Həlledici rolu yalnız və yalnız ölkə daxilində yaranmış böhran vəziyyəti oynayır.
Azərbaycanda hər hansı sosial-siyasi xarakterli inqilabı mən gözləmirəm, proqnozlaşdırmıram. Çünki Azərbaycanın həm sosial-iqtisadi inkişafı, həm Prezident İlham Əliyevin şəxsi liderliyi ilə onun bütün problemləri görərək həmin problemləri həll etmək üçün lazımi tədbirlər görməsi bu cür bədbin proqnozlar verənlərin ümidlərini, gözləntilərini doğrultmayacaq. Mən əminəm ki, Azərbaycanda bu cür qarşıdurma, “Maydan” tipli hadisələr olmayacaq”.