Azərbaycanda millət vəkillərini qəzəbləndirən - - Telefon qadağası

azerbaycanda-millet-vekillerini-qezeblendiren-
Oxunma sayı: 3551


Xəbər verdiyimiz kimi Milli Məclisə smartfon və android tipli telefonlarla girişin qadağan olunması barədə rəhbərlik tərəfindən qərar qəbul olunub. Qərarda qeyd olunur ki,   təhlükəsizlik baxımından Milli Məclisin binasına daxil olan bütün şəxslərin bi tipli mobil telefonları əlindən alınacaq. 

“Qafqazinfo” bir neçə millət vəkilindən qəbul edilmiş bu qərarı necə qarşıladıqları barədə münasibət öyrənib.

Asim Mollazadə bu qərarın  qəribə olduğunu deyib: “Milli Məclisin qapalı iclaslarında hardasa bunu tətbiq etmək olar. Amma ümumi iclaslarda bunu tətbiq etməyə ehtiyac yoxdur. Milli Məclisin fəaliyyəti ictimaiyyət üçün şəffaf olmalıdır. İctimaiyyət məclisin fəaliyyətindən daha çox məlumat almalıdır. Sual yarana bilər ki, hansı gizli işlərlə məşğul olunub ki, bu qərar verilməsinə ehtiyac olub  Mən çox ölkələrin parlamentində olmuşam. Heç bir ölkənin parlamentində belə bir qadağa yoxdur” 

Millət vəkili Fəzail İbrahimli qeyd edib ki, o tipli telefonu olmadığından bu onun üçün xüsusi önəm daşımır: “Mənim adi telefonum var. Milli Məclis rəhbərliyi bu qərarı verib. Bu Məclisin təhlükəsizliyi baxımından verilmiş qərardır. Bunu müsbət qarşılamaq lazımdır. Milli Məclisə daxil olmazdan qabaq telefonu maşında qoy. Sonra çıxandan sonra götür”

Vahid Əhmədov da  bu qərarda qeyri-adi hal görmədiyini bildirib: “Rəhbərlik belə bir qərar qəbul etməyə ehtiyac duyub. Biz dünyada gedən siyasi prosesləri diqqətlə izləyirik. Qafqaz xüsusilə çox çətin bir regiondur. Mən 1990-1995-ci illərdə Mili Məclisin üzvü olmuşam. Onda heç belə telefonlar yox idi. Biz normal işləyirdik. Ötən il Türkiyədə, Rusiyada da belə qərarlar qəbul olunub. Bizim 22 illik müstəqilliyimiz var. Çalışmalıyıq ki, o müstəqillik əbədi olsun. Milli Məclis işlək bir qurumdur. Qanun qəbul edən bir orqandır. Heç burada telefonla danışmağa da ehtiyac yoxdur. Qanunlarla məşğul olmaq lazımdır”.

Millət vəkili Sabir Rüstəmxanlı isə belə bir qərardan xəbərsiz olduğunu vurğulayıb: “Bu məsələyə, yəqin ki, fevralın 1-də baxılacaq. Hər halda qərarın mahiyyətini bilmək lazımdır. Ola bilər ki, Məclis rəhbərliyi ilə Mətbuat Xidmətinin rəhbərliyinin fikirləri bir qədər üst- üstə düşməyib. Anlaşılmazlıq ola bilər. Bunu müzakirə etmək lazımdır”

Rasim Musabəyov  qərarı mənfi qarşılaşdığını qeyd edib: “Bu qərar dəqiqləşdirilməlidir. Bu qərar millət vəkillərinə şamil olunmamalıdır. Jurnalistlərə, qonaqlara şamil oluna bilər.  Mən dünyada belə bir halın olduğunu eşitməmişəm”.

İqbal Ağazadə bildirib ki, bu qərarın təhlükəsizlik məqsədilə verildiyini deyirlər: “Amma hansı təhlükəsizlikdən söhbət gedir anlaya bilmirəm. Məclisin yaz sessiyasında bu məsələ, yəqin ki,  müzakirə ediləcək”.

Fazil Mustafa isə facebook hesabında məsələyə münasibət bildirib Millət vəkili bildirib ki, Milli Məclisə daxil olan deputatların ağıllı telefonlarının əlindən alınması barədə qərar Konstitusiyaya və “Deputat statusu haqqında” Qanuna ziddir: “Bu anormal qərar anonim olaraq qala bilməz, mütləq Milli Məclisin saytında yerleşdirilməli və deputatlara yazılı olaraq verilməlidir ki, bu qərardan və ya təlimatdan məhkəməyə şikayət etmək mümkün olsun. Bu gedişlə bir azdan Milli Məclisdə təkcə ağıllı sayılan telefonların deyil, ağıllı adamların da daxil olmasını qadağan edən qərar qəbul edəcəklər”.

Günel