Azərbaycanda narkotik cinayətləri...

azerbaycanda-narkotik-cinayetleri
Oxunma sayı: 715

Dovlət Statistika Komitəsi bu ilin ilk 6 ayında baş vermiş narkotika ilə bağlı cinayətlər haqda statistik məlumatları açıqlayıb.

“Qafqazinfo” xəbər verir ki, 2017-ci ilin yanvar-iyun aylarında qeydə alınmış 13182 cinayət hadisəsi baş verib. Onların 1694-ü narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar olub, onların da 63,9 faizini satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, 28,2 faizini eyni hərəkətləri satış məqsədilə etmə, habelə bu maddələri hazırlama, istehsal və emal etmə, daşıma, göndərmə və satma, 6,1 faizini qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmə, 1,8 faizini  güclü təsir edən və ya zəhərli maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər təşkil edib.

Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə bağlı cinayət törətmiş 1302 nəfərin 89,6 faizini heç yerdə işləməyən və oxumayanlar, 39,4 faizini əvvəllər də cinayət məsuliyyətinə cəlb edilmiş şəxslər təşkil edib. Cinayət törətmiş şəxslərin 0,2 faizi yetkinlik yaşına çatmayanlar, 8,6 faizi 18-24 yaşlı, 13,9 faizi 25-29 yaşlı gənclər, 77,3 faizi isə 30 və yuxarı yaşlı şəxslər olub.

2017-ci ilin yanvar-iyun aylarında müsadirə edilmiş 639,2 kiloqram narkotik maddələrin 55,2 kiloqramını heroin, 426,9 kiloqramını marixuana, 119,5 kiloqramını tiryək, 2,5 kiloqramını həşiş, həşiş yağı və qətranı, 35,1 kiloqramını isə digər narkotik və güclü təsiredici vasitələr təşkil edib.