Azərbaycanda pambıq səpininə başlanılıb - Fotolar

azerbaycanda-pambiq-sepinine-baslanilib
Oxunma sayı: 1941

Azərbaycanın pambıqçılıq rayonlarında çiyid səpininə start verilib.

“Qafqazinfo” xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov Biləsuvar rayonunun Ağaəlikənd kəndində fermer Nurəddin Mirzəyevin pambıq sahəsində çiyid səpini prosesində iştirak edib. Nazirə məlumat verilib ki, pambıq istehsalçıları lazımi texnika, toxum, gübrə və kimyəvi preparatlarla tam təmin edilib, səpinin aparılması üçün texnikalar hazır vəziyyətə gətirilib.

İnam Kərimov bildirib ki, bu il respublikanın 21 rayonu üzrə 100 min hektara yaxın sahədə pambıq əkini proqnozlaşdırılır.

Nazir pambıqçılığa dövlət dəstəyi, bu ildən tətbiq olunan yeni subsidiya qaydaları barədə fermerlərə məlumat verib.

Nazir İnam Kərimov koronavirus pandemiyasının kənd təsərrüfatına təsirinin minimuma endirilməsi üçün dövlət başçısının tapşırığı əsasında müvafiq tədbirlərin görüldüyünü vurğulayıb.

Nazir İnam Kərimov əlavə edib ki, Ölkə Prezidenti İlham Əliyev aprelin 14-də “Koronavirus pandemiyası şəraitində və sonrakı dövrdə kənd təsərrüfatı məhsulları istehsalçılarının mikrokreditlərlə təminatının yaxşılaşdırılması üçün vəsait ayrılması haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Aqrar Kredit və İnkişaf Agentliyinə 30 milyon manat məbləğində vəsait ayrılıb: “Aqrar sahə Cənab Prezidentin daim diqqət və qayğısında olan bir sahədir. Dövlət başçısının aprelin 14-də imzaladığı Sərəncam fermerlərimizə əlavə bir dəstəkdir. Bilirsiniz ki, xususilə əkin dövründə fermerlərin mikrokreditlərə tələbatı yaranır. Fermerlər kredit üçün banklara müraciət edəndə  banklar tərəfindən  əksər hallarda onlardan kredit müqabilində Bakıda mənzil girovu tələb olunur. Cənab Prezidentin imzaladığı Sərəncam fermerlərin kredit almaq imkanlarını asanlaşdıracaq. Yeni Sərəncam fermerlərə girov tələb etmədən mikrokreditlərin verilməsini nəzərdə tutur”.

Daha sonra o, Cəlilabad rayonunda faraş kartof və çiyələk sahələrinə baş çəkib, məhsul yığımı prosesini izləyib. Bildirilib ki, hazırda bölgələrdə faraş tərəvəz və çiyələk yığımına start verilib. Aparılan müşahidələr göstərir ki, məhsul ötən ilə nisbətən boldur.