"Qafqazinfo" xəbər verir ki, bunu APA-nın sualına cavabda Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli deyib.
Dünyada başqa bir təcrübənin olduğunu da bildirən komitə sədri vurğulayıb ki, demoqrafik təhlükəsi olan bəzi ölkələrdə problemi aradan qaldırmaq üçün iki uşağı olan ailələrə üçüncü uşaq olduqda əlavə vəsait verirlər: “Azərbaycanda isə uşaqların orta sayı artır. İldə təbii artım 125-130 mindir. 18 ildən sonra ona yer, ev, iş tapmalıyıq, yemək verməliyik. Bunun əlavə həvəsləndirməsi də olsa kasıbın, imkansızın, əlilin uşağı daha çox olacaq. Əslində isə biz deməliyik ki, kimin pulu varsa, onun uşağı çox olsun. Evdə 4 it saxlayır, amma 1 uşağı var. Belə hallar ayıbdır”.
Qeyd edək ki, dünən İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov mətbuata açıqlamasında deyib ki, ailələrdə ikinci qız uşaqlarının və növbəti qız uşaqlarının adına hesab açılacaq. Həmin hesaba 10 min manat vəsait köçürüləcək. O bildirib ki, 2015-2020-ci illər üçün nəzərdə tutulmuş Demoqrafiya və əhali sakinliyinin inkişafı sahəsində Dövlət Proqramında qız uşaqlarının sayının artırılması məsələsi öz əksini tapıb. Bu təklif Dövlət Proqramına daxil edilib. Həmin vəsait qız uşaqlarının hesabına hissə-hissə köçürüləcək. Bu vəsaiti məktəb xərcləri üçün istifadə etmək mümkün olacaq. Təklif hazırda müəyyən yaş həddində olan ikinci qız uşaqlarına da şamil olunacaq. Sözügedən Dövlət Proqramı layihəsi yaxın günlərdə Nazirlər Kabinetinə təqdim ediləcək.
***
Ötən gün məlumatı mediada yayan iqtisadçı ekpert Vüqar Bayramov məsələyə bir daha aydınlıq gətirib. Ekspert sosial şəbəkədə qeyd edib ki, 2-ci qız uşağı olanlara 10 min manatlıq depozit hesabının açılması və vəsaitin həmin hesaba hissə-hissə köçürülməsi məsələsi ötən ilin dekabrın 22-də “Azərbaycan Respublikası əhali sakinliyi və demoqrafik inkişaf” üzrə dövlət proqam layihəsinin müzakirəsi ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən müzakirələrdə qeyd edilmişdi:
"Xatırladım ki, həmin görüşdə nazirliyin bütün rəhbər əməkdaşları o cümlədən müvafiq şöbə müdirləri iştirak edirdilər. Sözügedən layihənin müzakirəsinə eyni zamanda bir sıra mətbuat orqanları da qatılmışdılar. Həmin görüşdə rəsmi olaraq nazirlik tərəfindən bu məsələ bildirildi və hətta deyildi ki, əgər ideya təsdiq olunarsa, o zaman maliyyə çətinliyi olmayacaq, çünki vəsait hissə-hissə hesaba köçürüləcək. Niyə oğlan deyil qız uşaqlarına depoztilərin verilməsi isə başa düşüləndir. Çünki Azərbaycanda hər 100 doğulan qız uşağına 116 oğlan uşağı düşür. İkinci qız uşaqlarının əksəriyyəti nə qədər acnacaqlı olsa da ana bətnindəcə öldürülür. Məqsəddə bu hallar qarşısını almaq və demoqrafik inkişafı stimullaşdırmaqdan ibarətdir.
Dünən isə mənə hər zaman oxuduğum 1news saytından zəng edildi və bu məsələ soruşuldu. Proqram layihəsini Milli Məclis deyil, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi hazırladığı üçün sözügedən qurumun mövqeyi önəmlidir. Uşaqların sayı çox olan ailələrdə valdeyinlərin daha tez pensiyaya çıxması təklifini isə bir sıra digər təkliflər ilə yanaşı həmin görüşdə mən bildirdim. Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri bu təklifi dəstəklədi və tapşırdı ki, müvafiq qurumlar ilə bu məsələnin müzakirəsini aparsınlar. Qeyd edim ki, proqram layihəsinin hazırlanmasına əsas məsul olan şöbə Nazirliyin Məşğulluq siyasəti və əmək bazarının tənzimlənməsi şöbəsidir. Mən ümumiyyətlə hər iki təklifin qəbul edilib sözügedən proqrama daxil edilməsinin tərəfdarıyam. Bu demoqrafik inkişafı balanslaşdırmaqla yanaşı bu gün hətta Ərəb dövlətlərində belə müşahidə edilməyən qız uşaqlarının ana bətnində məhv edilməsi hallarını azalda bilər".