Azərbaycanda saxlanılan nurçular azadlığa buraxılıb

azerbaycanda-saxlanilan-nurcular-azadliga-buraxilib
Oxunma sayı: 1637

Bakı Apellyasiya Məhkəməsində Azərbaycanda həbs edilən nurçular barəsində olan hökmdən verilmiş apellyasiya şikayəti üzrə məhkəmə başa çatıb.

“Qafqazinfo”nun report-a istinadən məlumatına görə, hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, Rəvan Səbzəliyevin cəzası başa çatdığı üçün məhkəmə zalından azadlığa buraxılıb. Zəkəriyyə Məmmədov və Şahin Həsənov barəsində 2 il yarım sınaq müddəti olmaqla azadlığa buraxlıb. Digər iki şəxs - Eldəniz Hacıyev və İsmayıl Məmmədovun cəzası 5 ildən 3 ilə endirilib

Qeyd edək ki, 2013-cü ilin aprel ayında hüquq-mühafizə orqanları əməkdaşlarının Bakının Xıdır Mustafayev küçəsində yerləşən mənzillərin birində apardıqları axtarış zamanı evdə toplantı keçirən "nurçu" təriqətinin 41 üzvü saxlanılıb. Həmin şəxslərin bir hissəsindən izahat alınıb və sərbəst buraxılıb.

Daha sonra onlardan 5 nəfəri Səbail Rayon Məhkəməsinin qərarı ilə həbs edilib.

Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 167-2.2.1-ci (qanunsuz olaraq dini təyinatlı ədəbiyyatı, audio və video materialları, mal və məmulatları və dini məzmunlu başqa məlumat materiallarını istehsal etmə, idxal etmə, satma və ya yayma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən törədildikdə) və 168.2-ci (dini ayinlərin icrası adı altında vətəndaşların hüquqlarına qəsd etmə, bu Məcəllənin 168.1-ci maddəsində nəzərdə tutulmuş əməllərin törədilməsinə yetkinlik yaşına çatmayanları cəlb etmə) maddələri ilə ittiham olunub.

Hökmdən narazı qalan həmin şəxslər apellyasiya şikayətləri veriblər. Təqsirləndirilən şəxslər Bakı Apellyasiya Məhkəməsində hakim Qail Məmmədovun sədrliyi ilə keçirilən prosesin ilkin qərarından kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət ediblər. Məhkəmə nurçuların kassasiya şikayətini təmin etməyib. İş yenidən baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilib.