YAP Qaradağ rayon təşkilatı Rayon İcra Hakimiyyəti ilə birlikdə prezident İlham Əliyevin apardığı sosial, iqtisadi, siyasi islahatlarına həsr olunmuş “Sosial tərəqqi və davamlı inkişaf” mövzusunda dəyirmi masa keçirib.
“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə çıxış edən icra başçısı Süleyman Mikayılov bildirib ki, ötən bir ildə də prezidentin iqtisadi sahədə həyata keçirdiyi davamlı islahatlar sistemli və ardıcıl olub.
Onun sözlərinə görə, sosialyönümlü mahiyyət daşıyan milli inkişaf modeli əhalinin sosial rifah halının daha da yaxşılaşdırılması, faydalı məşğulluğunun təmin edilməsi kimi vacib məsələləri özündə ehtiva edir.
YAP Qaradağ rayon təşkilatının sədri, Millət vəkili Aydın Hüseynov Azərbaycanın regionda, eləcə də dünyada əsas söz sahibinə çevrildiyini bildirib:
“Ötən il ümumi daxili məhsul 1,4 faiz, qeyri-neft sektoru 1,8, sənaye istehsalı 1,5, kənd təsərrüfatı isə 4,6 faiz artıb. Valyuta ehtiyatlarımız 45 milyard dollara çatıb, ölkədə 118 min daimi iş yeri yaradılıb”.
Millət vəkili qeyd edib ki, dövlət başçısının sosial-iqtisadi siyasətinin əsasında dayanan prinsiplərdən biri də respublikanın ümumi inkişafı şəraitində sosial cəhətdən həssas qruplardan olan insanların etibarlı sosial müdafiə sistemi ilə əhatə olunmasıdır.
Tədbirdə çıxış edən digər millət vəkili Tahir Mirkişili nəzər çatdırıb ki, cari ildə dövlət büdcəsində sosial sahəyə ayrılan vəsaitlərin həcmi bütövlükdə artıb:
“Əhalinin rifah halının yaxşılaşmasına xidmət edən tədbirlərin davam etdirilməsi nəzərdə tutulub.Sosial müdafiə sistemində yeni institut formalaşıb. Bütövlükdə, dövlət büdcəsindən sosial məqsədlərə 8 milyard 265,8 milyon manat vəsaitin ayrılması nəzərdə tutulub.
Ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinə Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən birdəfəlik ödənişlərin verilməsi proqramı üçün 50 milyon manat vəsaiti ayrılıb. 2019-cu ildə təxminən 5000 köçkün ailəsinə yeni mənzillər veriləcək. Şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə isə 800 mənzil veriləcək, 7000 ailə özünəməşğulluq proqramından faydalanacaq”.
Son xəbərlər
Son Xəbərlər