Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında “Standartlaşdırma haqqında” qanun layihəsi müzakirəyə çıxarılıb.
“Qafqazinfo” xəbər verir ki, müzakirədə çıxış edən Azərbaycan Standartlaşdırma İnstitutunun (AZSTAND) direktoru Namiq Tağıyev bildirib ki, sözügedən qanun məhsulların keyfiyyətinə və rəqabətliliyinə ciddi təsir edəcək: “Bunun üçün milli standartlaşdırma anlayışı qanunda əks olunub. Biznes qurumlarının standartlarının hazırlanması səlahiyyətləri burada qeyd olunub. Bu qanunla həmçinin istehsalat proseslərinin qurulması asanlaşdırılacaq. Standartların hazırlanmasında biznes qurumları tərəfindən maliyyələşdirilmə də mümkün olacaq. Avropa ölkələrində 85 faiz standart biznes tərəfindən maliyyələşir. Çünki biznes qurumlar hansı standartların onlara lazım olmasını bilir”.
Müzakirədə çıxış edən deputat Əli Məsimli qeyd edib ki, Avropada biznes qurumları standartları maliyyələşdirməkdə maraqlıdır: “Çünki onlar bundan qazanır. Bəs Azərbaycanda birdən biznes bunu maliyyələşdirmədi, onda biabır olacağıq?! Mən həmçinin təklif edirəm ki, Azərbaycanda insan orqanizmi üçün təhlükəli malların gəlməsinin qarşısı alınmalıdır. Çünki müddəti bitmiş, tərkibi dəyişdirilmiş mallar var. Standartları beynəlxalq səviyyəyə qaldırmaq istəyiriksə elə mexanizm qurmalıyıq ki, dünyada hamı tərəfindən qəbul olunan standartlar Azərbaycanda da qəbul olunsun”.
Günel Türksoy
Son xəbərlər
Son Xəbərlər