Xəbər verdiyimiz kimi, bir neçə gündür ki, Azərbaycan Ordusu erməni təxribatına qarşı qəhrəmancasına mübarizə aparır. Mədəniyyət və Turizm Nazirliyi isə bu məqamda xarici turistlərin ölkəmizdə rahat və tam təhlükəsiz şəraitdə istirahət edə biləcəyi ilə bağlı məlumat yayıb.
"Qafqazinfo" həmin məlumatı təqdim edir:
"Zəngin tarixə və mədəniyyətə malik Azərbaycan dünyanın hər yerindən olan turistləri özünə cəlb edir. Əsrarəngiz təbiət və tarixi memarlıq abidələri, həmçinin xalqımızın min illərdən bəri formalaşan qonaqpərvərlik və tolerantlıq ənənələri də bu cəlbedici ölkəyə marağı daha da artırır.
Bənzərsiz təbiət, mineral su qaynaqları, dünyada yeganə müalicəvi Naftalan nefti, nadir qədim memarlıq abidələri, özünəməxsus mədəniyyət, milli mətbəx və bir çox digər amillər Azərbaycanda turizmin bütün növlərinin: işgüzar, idman, müalicəvi, tanışlıq, ovçuluq, ekzotik, çimərlik, qastronomik və hətta qış turizminin inkişafı üçün şərait yaradır.
Ölkəmizə xarici turistlərin daha rahat şəkildə səfər etmələri üçün elektron turist vizalarının verilməsi sahəsində də müvafiq işlər həyata keçirilir. İndi dünyanın istənilən ölkəsindən olan xarici vətəndaşlar bu turist vizalarını ən geci 5 gün ərzində elektron qayda da əldə edirlər. Eyni zamanda Azərbaycan turizminin marketinq strategiyasına uyğun olaraq, turistlərin cəlb olunması baxımından prioritet hesab olunan ölkələrin vətəndaşları üçün hava limanlarında sadələşdirilmiş qaydada viza verilir və ölkələrin coğrafiyasının genişləndirilməsi prosesinin davam etdirilməsi nəzərdə tutulur.
Ölkəmizdə olan mövcud potensial, həyata keçirilən layihələr, görülən işlər Azərbaycanın turizm sahəsinin günü-gündən inkişafını təmin edərək, tezliklə iqtisadiyyatın ən mühüm sahələrindən birinə çevriləcəyinə əminlik yaradır. Son illər ölkəmizə gələn turistlərin sayının ildən-ilə artması və əldə olunan gəlirlər də bunu deməyə əsas verir. Bu tendensiya 2016-cı ildə də davam edir. Bu ilin əvvəlindən başlayaraq, xüsusi ilə də Novruz bayramı ərəfəsində ölkəmizə gələn turistlərin sayında xeyli artım müşahidə olunmuşdur.
Məlum olduğu kimi, qarşıdan gələn yay turizm mövsümü ilə bağlı ölkəmizin geniş turizm imkanları ilə tanış olmaq və istirahətini təşkil etmək məqsədilə çoxsaylı turistlərin Azərbaycana səfəri planlaşdırılır.
Mədəniyyət və Turizm Nazirliyi bildirir ki, turizm məqsədilə Azərbaycana səfər etmək istəyən bütün xarici turistlərin rahat, təhlükəsiz istirahəti üçün hər cür şərait var və turistlərin sayının artırılması üçün həm Nazirlik, həm də turizm sənayesi tərəfindən əlavə tədbirlər həyata keçirilir".
Son xəbərlər
Son Xəbərlər