Azərbaycanda yeni ixtisaslaşdırılmış məhkəmə yaradılacaq

azerbaycanda-yeni-ixtisaslasdirilmis-mehkeme-yaradilacaq
Oxunma sayı: 1842

Azərbaycanda vergi ödənişləri və sahibkarlıq fəaliyyəti ilə bağlı işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılacaq.

“Qafqazinfo” xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin imzaladığı məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında fərmanda deyilir.

Qeyd olunub ki, sahibkarların məhkəməyə müraciət imkanlarının asanlaşdırılması və sahibkarlıqla bağlı mübahisələrə müvafiq sahədə daha dərin hüquqi bilik və təcrübəsi olan hakimlər tərəfindən baxılmasını təmin etmək məqsədilə vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə, habelə sahibkarlıq fəaliyyəti ilə əlaqədar digər məsələlərə dair işlər üzrə ixtisaslaşmış məhkəmə yaradılmalıdır.

Bununla yanaşı, mülki işlər və iqtisadi mübahisələr üzrə məhkəmə icraatının effektivliyinin artırılması, xüsusən sahibkarlıqla bağlı məsələlərin məhkəmələrdə daha sürətli və səmərəli həllinin təmin edilməsi məqsədilə Azərbaycan Respublikasının Ali Məhkəməsinə, apellyasiya instansiyası məhkəmələrinə, Azərbaycan Respublikasının Vəkillər Kollegiyasına və Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasına tövsiyə edilsin, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinə və Azərbaycan Respublikasının Vergilər Nazirliyinə tapşırılsın ki, mülki prosessual qanunvericiliyi kompleks şəkildə birgə təhlil edib, bu sahədə qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla onun təkmilləşdirilməsi barədə təkliflərini altı ay müddətində prezidentə təqdim etməlidirlər.