“Azərbaycanda zorakılıq halları iki dəfə artıb”

azerbaycanda-zorakiliq-hallari-iki-defe-artib
Oxunma sayı: 956

"Son illər cəmiyyətimizdə zorakılıq, xüsusilə, ailə-məişət zəminində zorakılıq, cinayət halları çoxalıb".

“Qafqazinfo” xəbər verir ki, bunu millət vəkili Elmira Axundova parlamentin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında deyib. O, çıxışında bir müddət əvvəl Ağstafa rayonunda baş vermiş dəhşətli cinayət faktını xatırladıb. "Bildiyiniz kimi, bir müddət öncə Ağstafa rayonunda dəhşətli cinayət hadisəsi baş verdi. Qəddar ata öz övladını, oğlunu döyərək öldürdü. Bu acı xəbəri də birinci mətbuatdan eşitdik, bildik. Mətbuat düz də edib, bunu yaydı, ictimailəşdirdi. Çünki belə halları gizlətmək, onlara göz yummaq deyil, əksinə, onları tez bir zamanda yaymaq, işıqlandırmaq lazımdır.

Ancaq "KİV haqqında" qanuna təklif olunan dəyişikliyin belə demək mümkünsə, 3-cü hissəsində bu tipli məlumatların yayılması qadağan olunur. Hesab edirəm ki, bu, bir o qədər də düzgün deyil. Şəxsən mən Əfv Komissiyasının üzvü kimi rəsmən bəyan edirəm ki, Azərbaycanda son illər ailə-məişət zorakılıqlarının, zorakılıq cinayətlərinin sayı iki dəfə artıb. Bunu Əfv Komissiyasının üzvü olan daxili işlər nazirimiz Ramil Usubov da, baş prokurorumuz Zakir Qaralov da təsdiq ediblər".

Günel Türksoy