Azərbaycanın Ankaradan gələn səsi!

azerbaycanin-ankaradan-gelen-sesi
Oxunma sayı: 2109

“Dostlarım-tanışlarım tez-tez sual verirlər niyə Azərbaycan üçün nəsə eləmək istəyirsən? Xaricdə yaşayırsan uğurlu karyeran var, yaxşı həyatın var başını sal işini gör Azərbaycanı düzəltmək sənəmi qalıb? Bunların hamısı doğrudur ancaq bu o demək deyil ki, millətimi, vətənimi unutmalıyam. Azərbaycan təhsili üçün nə edə biləcəyimi, Azərbaycan təhsilinə necə töhfə verəcəyim haqqında düşündüm. Düzdür, mən Azərbaycanda yaşamıram, ancaq mənim qohumlarım burada yaşayır və burada təhsil alır. Hər kəs gedib xaricdə yaşaya bilər. Bu o demək deyil ki, vətəni unutmaq lazımdır. Vətən, millət üçün hər kəs əlindən gələni etməlidir. Bu təkcə mənə yox, xaricdə yaşayan bütün azərbaycanlılara aiddir”.

Bu sözləri OSTİM Texnik Universitetinin “Hibrit və elektrikli taşıtlar” fakültəsinin müəllimi, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Bəxtiyar Nəcəfov açıqlamasında deyib. B.Nəcəfov Xaricdə yaşayan, amma Azərbaycanda tanınmayan professorlardan danışıb:

“Xaricdə yaşayan o qədər professorlarımız var ki, tanınmır. Türkiyədə Yeditəpə Universitetində rəssamımız Prof.Dr.Teymur Rzayev var ki, dünyaca məşhur olmağına baxmayaraq Azərbaycanda onu tanıyan yoxdur. Dövlət səviyyəsində tanınır, ancaq kütlə tanımır. Bu gün millətimiz hər hansı bir müğənnini tanıyır, bloqeri tanıyır, dünyaca məşhur rəssamını, heykəltəraşını tanımır. Qazi Universitetində Prof. Dr. Beycan İbrahimoğlu var. Sorğu keçirək, Azərbaycanda nə qədər adam bu dəyərli insanları tanıyır?

- Azərbaycanlı tələbələrin OSTİM Texnik Universitetinə marağı necədir?

- Çox yaxşıdır. Ostim Texnik Universiteti yeni yaranıb, 3 illik bir universitetdir. 2 ildir Azərbaycandan tələbə qəbul edirik, tanıtım çox önəmlidir. Keçən il daha az insanın bu universitetdən xəbəri olduğu üçün az tələbə müraciət etmişdi. Bu il müraciətlər daha çoxdur və növbəti il daha da çox olacağını düşünürəm. Ostim 60 illik bir keçmişi olan böyük bir sənaye mərkəzidir.

- OSTİM Texnik Universitetini digər universitetlərdən nə fərqləndirir?

- Türkiyədə 220-ə yaxın və çox güclü universitet var. Baxıblar ki, bu universitetlərdə təhsili alan və yüksək nəticə göstərən tələbə gəlir. Ostim sənayesində işləməyə, ancaq onun oxuduğu ilə burdakı işlər oxşar deyil. Sənaye də düşünür ki, öz universitetini qursun və öz mütəxəssislərini özü yetişdirsin.

Bilirsiz bu nəyə bənzəyir, bütün yol qaydalarını əzbərə bilirsən ancaq heç vaxt maşın sürməmisən. Bu zaman özünə yaxşı sürücüyəm deyə bilməzsən.

Dünyada ilk və tək sənayedir ki, öz universitetini yaradıb. Sistem elə qurulub ki, tələbə oxuduğunu yerində görür, toxunur. Bizim universitet sənaye ərasizinin mərkəzində qurulub. Bu ərazidə 6200 şirkət və 60 000 işçi var. Düşünün tələbə universiteti bitirdikdə artıq həyata hazır olacaq.

Sizə, bütün dünya üçün istehsal edilən elektrikli avtobuslardan, tramvaylardan tutmuş heykəlin belə istehsal olunduğu böyük bir sənaye mərkəzindən bəhs edirəm. Və bu sənaye artıq öz universitetini yaradıb.

- Universitetin təhsil sistemi necədir?

- Bu universitetdə dərslər həftənin 4 günü universitetdə, 1 günü isə təcrübə üçün sənayedə keçirilir. Bu zaman tələbəyə oxuduğunu həm də praktikada görmək şansı yaranır.

- Universitet tələbələrə təcrübə ilə yanaşı iş imkanı yaradırmı?

- Əgər tələbə staj müddətini yaxşı tamamlasa, universitet tələbəyə iş imkanı yaradır. Ancaq belə bir məsələ var, tələbənin özündən də çox şey asılıdır. Məsəl üçün mən öz ofisimə 5 tələbəni təcrübəçi kimi işə götürmüşdüm. Onlardan bəziləri çox həvəssiz idi. Staj müddəti bittikdən sonra onlardan 3-ü getdi, 2-i isə hələ də bizimlə işləyir.

Türkiyədə oxumaq şansı olmayan tələbələr üçün Azərbaycan Texnik Universiteti , Bakı Dövlət Universiteti və bir çox universitetlə əməkdaşlıq edirik. İstəyirik ki, Azərbaycan Universitetləri üçüncü nəsil universitetlər sırasına qoşulsun.

Biz artıq İngiltərədə və Almaniyada universitet qurmağı düşünürük. Bizim tələbələr həm Almaniya, həm də İngiltərə diplomu əldə etsin deyə.

Azərbaycanda və Türkiyə arasında, OSTİM-lə ünsiyyət çox yaxşıdır. Gələcəkdə Azərbaycanda da bu sahədə universiteti qurula bilər. Dövlət də, idarəçilərimiz də bu işdə maraqlı olsalar, təbii ki, növbəti illərdə Azərbaycanda da bu cür universitetlər qurmaq olar.