“Azərbaycanın ekologiya tarixində özəl gündür”

“Azərbaycanın ekologiya tarixində özəl gündür”
Oxunma sayı: 1472

Xəbər verdiyimiz kimi, şair İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Birinci vitse-prezident Mehriban Əliyevanın bir gündə 650 min ağacın əkilməsi aksiyasına başlanılıb. 

“Qafqazinfo” xəbər verir ki, aksiya ilə əlaqədar olaraq ictimai xadimlər, diplomatik korpusun və beynəlxalq təşkilatların təmsilçiləri, dövlət və özəl qurumların nümayəndələri bu gün Müşviqabad qəsəbəsi ərazisində toplaşaraq minlərlə ağac əkib.

Ekologiya və Təbii Sərvətlər nazirliyinin aparat rəhbəri Vüqar Kərimli bildirib ki, təkcə Müşfiqabad qəsəbəsində 5 hektar ərazidə 5000 üzərində ağac əkilib: “Ümumilikdə ölkə üzrə 650 mindən çox ağac əkilməsi planlaşdırılır. Məndə olan məlumata görə, Bakı və ətrafı rayonlarda təşkilatlar tərəfindən 50 mindən çox ağac əkilməsi gözlənilir. Bundan başqa, 100 min ağacın SOCAR, bir də Müdafiə Nazirliyini tərəfindən əkiləcəyi bildirib. Bu təşəbbüs həm də ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması baxımından müsbət qiymətləndirilir. Burada minə yaxın adam iştirak edir. Zeytun, badam və meyvə tipli ağaclar əkilir. Bu xeyirxah təşəbbüsə hamılıqla səfərbər olunmağımız çox qürurvericidir. Yaşıl Azərbaycan naminə belə kütləvi aksiyalar bundan sonra da davam etdiriləcək”.

Aksiyada iştirak edən Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov bildirib ki, bu günü Azərbaycanın ekologiya tarixində özəl gün adlandırmaq olar:

“Hesab edirəm ki, bu, miqyas etibarilə çox böyük aksiyadır. Azərbaycanın bir çox kəndlərində, qəsəbələrində insanlar böyük coşquyla yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək vererək kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq. Bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq. Beləliklə, Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq. Bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Əhalinin yaşaması üçün rahat əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanların yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir”.

O vurğulayıb ki, YAP kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir: “YAP-ın çoxlu üzvləri müxtəlif rayonlarda bu kampaniyada iştirak edirlər. Güman edirəm ki, ən fəal iştirak edən YAP-ın üzvləri olacaq”.

İtaliyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Augusto Massari aksiyanı yüksək qiymətləndirərək bildirib ki, bu təşəbbüs Azərbaycanın uğurlu gələcək naminə tutduğu yolda irəliləməsinə böyük töhvə verir: “Eyni zamanda Azərbaycan İtaliya arasında ətraf-mühitin mühafizəsi sahəsində ikitərəfli əməkdaşlıq barədə qeyd etmək istəyirəm, biz ümid edirik ki, növbəti ilin əvvəlində Prezident İlham Əliyevin İtaliyaya səfəri çərçivəsində biz ətraf-mühit sahəsində ikitərəfli sənəd imzalayacağıq. Bu da birgə daha böyük işlər görməyimiz baxımından öz sözünü deyəcək”.

Aksiya iştirakçıları arasında Əməkdar artist Bəhram Bağırzadə də olub. Aktyor bu dəfə də kampaniyaya maraqlı bir formada qoşulub: “Mən demişdim ki, bu gün öz yaşıma uyğun olaraq 48 ağac əkəcəm və sözümün üstündə duraraq bu gün buraya gəlmişəm. Allah hər kəsə uzun ömür versin və öz yaşına uyğun 50-100 ağac əksinlər. Çox müsbət bir təşəbbüsdür və ölkə vətəndaşı olaraq iştirakımı özümə borc bilirəm. Yaşıllıq artdıqca bizim də nəfəs almağımız üçün oksigen artar”.

Millət vəkili Siyavuş Novruzovun sözlərinə görə, YAP bu gün bu təşəbbüsə qoşularaq ağacəkmə kampaniyasında iştirak edənlər siyahısındadır: “Bizim yaratdığımız qruplarda gənclər tərəfindən ilboyu ağac əkilmiş ərazilərdə monitorinq aparılacaq. Quruyan ağacların dəyişdirilməsi, onlara qulluğun göstərilməsi, yaşıllıq artırılması və ölkənin ekologiyası üçün gözəl layihələrdən biridir. İnsanlar öz təşəbbüsləri ilə bu kampaniyaya dəstək verirlər, müxalifətin qanuni və qanunsuz keçirdiyi aksiyadan qat-qat çox adam iştirak edir. Müxalifəti də dəvət edirik ki, insanlar üçün səmərəli işlə məşğul olsunlar, ağac çəksinlər, sosial layihələrin həyata keçirilməsində aktiv iştirak etsinlər. Ölkə əleyhinə qalxmaqla deyil, əməlləri ilə xalqa xidmət etsinlər. Lazımlı işlər görmək lazımdır.

70-dən artıq rayonda 300 nəfərdən az olmayaraq YAP üzvü bu kampaniyada iştirak edir. Ağacların əkilməsi və onlara qulluq edilməsi diqqət mərkəzindədir.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı jurnalistlərə açıqlamasında bildirib ki, hər bir vətəndaş ətraf-mühiti qorumaq üçün əlindən gələni etməlidir: “Ölkəmizdə yeni yaşıllıq zonalarının salınması Azərbaycanımızın daha da gözəlləşməsinə, zənginləşməsinə böyük töhfədir”.

BMT-nin Ərzaq və Kənd Təsərrüfati təşkilatının Azərbaycandakı nümayəndəliyinin rəhbəri Mələk Çakmak Birinci vitse-prezident Mehriban Əliyevanın rəhbərliyi ilə ETSN-in təşkil etdiyi Nəsimin 650-illiyinə həsr olunan ağacəkmə bayramı münasibətilə Azərbaycan xalqını təbrik edib. 

O bildirib ki, bu kampaniya BMT-nin Ərzaq və Kənd Təsərrüfatı təşkilatı üçün önəmlidir: “Meşələrin artırılması yolu ilə biz karbon qazının atmosferə buraxılmasının qarşısını ala bilirik. Karbon qazının azaldılması, torpaqda saxlanılması həm də biomüxtəlifliyin qorunması və kənd təsərrüfatı baxımından önəmlidir. Fauna və flora müxtəlifliliyi, arıların çoxalması, bal verməsi məqsədilə meşələri kənd təsərrüfatı baxımından vacib sektor kimi görürük”.

Milli Məclisin sədr müavini Bahar Muradovanın sözlərinə görə, bu layihə vəzifəsindən asılı olmayaraq hər kəsin bir hədəf ətrafında birləşməsinə imkan verir:

“Kampaniya ətraf-mühitin sağlam olmasına töhfədir. Belə bir tədbirdə iştirak etmək qürurvericidir. Bununla da insanlar faydalanacaq, ölkəmiz gözəlləşəcək. Ətraf-mühit sağlamlaşacaq. Bütün bunlar pozitiv münasibət formalaşdırır, dostluğu və birliyi möhkəmləndirir. Burda gördüyünüz birlik hər şeyə dəyər. Biz hər birimiz dövlətimiz, xalqımız üçün çalışırıq. Bu cür layihələrin keçirilməsi təqdirəlayiq və sevindiricidir. Bundan sonra da bu cür aksiyalar davamlı olacaq”.

Günel Hacı

Fotolar: Pərvin Zeynal


Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi