Azərbaycanın hüquq müdafiəçiləri bəyanat yaydılar

azerbaycanin-huquq-mudafiecileri-beyanat-yaydilar
Oxunma sayı: 1752

Azərbaycanın hüquq müdafiəçiləri bir qrup şəxsin azad olunmasını alıqışlayıblar. 

“Qafqazinfo”nun xəbərinə görə, bəyanatda qeyd olunub ki, son günlər “Turan” İnformasiya Agentliyinin direktoru, tanınmış jurnalist Mehman Əliyev barəsində seçilmiş həbs qətimkan tədbirinin dəyişdirilməsi, “Azadlıq” qəzetinin maliyyə direktoru Faiq Əmirovun azadlığa çıxması, Nardaran hadisələrinə görə məhkum olunmuş 14 nəfərin cəzadan şərti olaraq vaxtından əvvəl azad edilməsi ilə bağlı məhkəmələr tərəfindən qərarlar qəbul edilib, həmçinin bloqqer Aleksandr Lapşin Azərbaycan Prezidenti tərəfindən əfv edilib. 

“Biz Azərbaycan hüquq-müdafiəçiləri olaraq bu addımları humanist yanaşma və ədalətli mühakimə hüququnun təmin edilməsinə yönəlik əməli tədbirlər kimi yüksək qiymətləndiririk. Həmçinin bu tədbirlərə cəza siyasətinin humanistləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 fevral tarixli sərəncamının praktik nəticələri kimi baxır və onları alqışlayırıq. Bəyan edirik ki, bu cür addımlar Azərbaycanda insan hüquq və azadlıqlarının qorunmasına, cəza siyasətinin hümanistlərşdirilməsinə və ədalət mühakiməsi sisteminin səmərəliliyinin artırılmasına xidmət edir. Əminik ki, bu addımlar davamlı olacaq, cəmiyyət və dövlət münasibətlərində qarşılıqlı etimadın daha da güclənməsinə öz töhfəsini verəcək”, - sənəddə bildirilir.

Bəyanat müəllifləri Azərbaycan Prezidenti İlham Əliyevə bu məsələlərlə bağlı ictimaiyyətin müraciətlərinə həssas yanaşdığına və diqqət göstərdiyinə görə təşəkkür ediblər: “Hesab edirik ki, hüquq-müdafiəçiləri, vətəndaş cəmiyyəti, KİV və cəmiyyətin bütün təbəqələri bu təşəbbüsləri, aparılan islahatları dəstəkləməklə, cəmiyyət və dövlət münasibətlərində qarşılıqlı etimadın daha da güclənməsinə töhfəsini verməlidir”.

Bəyanatı Novella Cəfəroğlu, Səidə Qocamanlı, Səadət Bənənyarlı, Mirvari Qəhrəmanlı, Zəlihə Tahirova, Eldar Zeynalov, Əvəz Həsənov, Əliməmməd Nuriyev imzalayıblar.