“Qafqazinfo”ya daxil olan məlumata görə, tədbirdə şəhər İcra Hakimiyyətinin rəhbərliyi, idarə, müəssisə və təşkilat rəhbərləri, Yeni Azərbaycan Partiyası Gəncə şəhər Təşkilatının fəalları, ağsaqqallar, ziyalılar, gənclər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.
Şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev parkda ucaldılmış “İstiqlal” abidəsi önünə əklil qoydu. Azərbaycanın Dövlət Himni səsləndirildi. O, çıxış edərək, Azərbaycanın tarixində əlamətdar gün olan 28 May Respublika Günü münasibətilə bütün gəncəliləri təbrik etdi, onlara xoşbəxtlik, daha firavan həyat, səmərəli işlərində uğurlar arzuladı. Qeyd etdi ki, xalqımızın zəngin dövlətçilik tarixində 1918-ci il mayın 28-də yaranmış və cəmi 23 ay fəaliyyət göstərmiş Xalq Cümhuriyyəti şərəfli yer tutur. Məhz həmin gün Azərbaycanın dövlət müstəqilliyi və istiqlaliyyəti elan olunmuş, Şərqdə ilk dəfə olaraq, Demokratik Cümhuriyyət yaradılıb. Öncə Tiflisdə, iyun ayının 16-da isə Gəncə şəhərində fəaliyyətə başlayan Cümhuriyyət milli dövlətçilik ənənələrinin bərpası işində böyük rol oynadı. Azərbaycan Milli Şurası özünün ilk iclasında “İstiqlal Bəyannaməsi” adlı mühüm siyasi sənəd qəbul etdi. Bəyannamədə Cümhuriyyətdə yaşayan bütün əhalinin hüquq bərabərlikləri və azadlıqları elan edildi. Heydər Əliyevin dediyi kimi, Azərbaycan Xalq Cümhuriyyəti az müddət yaşayıbdır, ancaq o XX əsrdə Azərbaycan xalqının həyatında mühüm mərhələ olub və xalqımızın gələcəyinin, müstəqilliyinin, azadlığının təməlini qoyub”.
AMEA-nın Gəncə Bölməsinin akademik katibi Fuad Əliyev, Gəncə Dövlət Universitetinin prorektoru Pərvin Kərimzadə, Universitetin tarix- coğrafiya fakültəsinin dekanı, professor Həsənbala Sadıqov və başqaları çıxış edərək bildirdilər ki, müstəqilliyimizin qorunub saxlanılması və onun daha da möhkəmləndirilməsi hər bir azərbaycanlının vətəndaşlıq borcudur. Bu şərəfli tarix müasir gəncliyin vətənpərvərlik tərbiyəsində, Azərbaycanın dövlətçilik ənənələrinin öyrənilməsində, dünyaya tanıdılmasında çox mühüm əhəmiyyət kəsb edir. Görkəmli dövlət xadimi Heydər Əliyevin “Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, qiymətli nailiyyətdir və bu nailiyyəti, dövlət müstəqilliyimizi daim qoruyub saxlayacağıq” fikri hər birimizin həyat amalıdır.
Tədbir hərbi orkestrin marş sədaları altında başa çatdı.
Rəsmi hissədən sonra Gəncə şəhər mədəniyyət və incəsənət kollektivlərinin iştirakı ilə geniş konsert proqramı ilə davam edib.
Qeyd edək ki, 5 hektar ərazisi olan “İstiqlal” parkında 28 May Xalq Cümhuriyyətinin şərəfinə 15 metr hündürlüyündə abidə ucaldılıb.
Abidənin ətrafında 9 metr hündürlüyündə 5 lampalı işıq dirəkləri quraşdırılıb. İstirahət guşəsinin ətrafında abadlıq-quruculuq işləri aparılıb. Eləcə də, 250 kvm. əraziyə qranit-mərmər döşənib. Parka gələn sakinlərin rahat dincəlməsi üçün oturacaqlar qoyulub.
Parkın gecə işıqlandırılması üçün 28 ədəd müasir tipli işıq dirəkləri qoyulub. Bundan başqa, parkda yaşıllıq işləri də aparılıb. Dekorativ ağaclar, 5000-ə qədər müxtəlif növ gül-çiçək kolları və 1250 kvadratmetr əraziyə salınan qazon parka xüsusi gözəllik verir.
Son xəbərlər
Son Xəbərlər