Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1 milyard dollardan çoxdur

azerbaycanin-rusiyaya-yatirdigi-investisiyalarin-hecmi-1-milyard-dollardan-coxdur
Oxunma sayı: 925

Bu gün Bakıda İqtisadiyyat Nazirliyinin, AZPROMO-nun, Azərbaycan-Rusiya İşgüzar Şurasının və Rusiyanın "Qazprombank"ının birgə təşkilatçılığı ilə "Azərbaycan investisiya layihələrinin həyata keçirilməsi yolunda: "Qazprombank"ın imkanları" mövzusunda biznes- seminar keçirilib.

"Qafqazinfo" xəbər verir ki, tədbirdə aidiyyəti dövlət qurumlarının nümayəndələri ilə yanaşı, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən 100-dən çox sahibkar iştirak edib.

Biznes seminarda çıxış edən İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, təkcə son 10 ildə hər iki ölkə sahibkarlarının iştirakı ilə 60-dan çox tədbir keçirilib. Bu ilin fevralında Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkinin ölkəmizə səfəri çərçivəsində Hacıqabul Sənaye Məhəlləsində Azərbaycanın “Azərmaş” şirkətinin Rusiyanın "Qorki Avtomobil Zavodu” şirkəti ilə birgə həyata keçirdiyi layihə üzrə kommersiya və xüsusi təyinatlı avtomobillərin istehsalı zavodunun təməli qoyulub. Azərbaycan-Rusiya və Rusiya-Azərbaycan İşgüzar Şuralarının fəaliyyəti iki ölkənin işgüzar dairələri arasında əməkdaşlığın inkişafı baxımından xüsusi əhəmiyyət kəsb edir.

Ümumilikdə, hazırda Azərbaycanda Rusiya kapitalı 700-ə yaxın müəssisə sənaye, tikinti, ticarət, xidmət, bank, sığorta, İKT, nəqliyyat, kənd təsərrüfatı və s. sahələrdə uğurla fəaliyyət göstərir. İndiyədək Rusiya tərəfi Azərbaycan iqtisadiyyatına 4,2 mlrd. dollar investisiya qoyub. Azərbaycanın Rusiyaya yatırdığı investisiyaların həcmi 1 mlrd. dollardan çoxdur.

Vurğulanıb ki, Azərbaycan-Rusiya əməkdaşlığının vacib istiqamətlərindən biri də ticarət əlaqələridir. Rusiya Azərbaycanın əsas ticarət tərəfdaşlarındandır və qeyri-neft məhsullarının ixracına görə birinci yeri tutur. Təkcə 2018-ci ildə Rusiya ilə ticarət dövriyyəsi əvvəlki illə müqayisədə 20%-dək artaraq 2,55 milyard dollar təşkil edib.

İqtisadiyyat naziri birgə reallaşdırılan layihələrin ikitərəfli iqtisadi əməkdaşlığın inkişafı baxımından əhəmiyyətini, "Qazprombank"ın ölkəmizdə uğurla fəaliyyətini qeyd edib. Bildirilib ki, "SOCAR Polimer" Zavodunun tikintisinin birgə maliyyələşdirilməsi SOCAR və "Qazprombank" arasında uğurlu əməkdaşlığın nümunəsidir. "Qazprombank"la həmçinin, "Azərkimya" Zavodunun modernləşdirilməsi layihəsi üzrə kredit sazişi imzalanıb.

Azərbaycan-Rusiya İşgüzar Şurasının İdarə Heyətinin sədri Səməd Qurbanov "Qazprombank"ın Azərbaycanda uğurlu fəaliyyətini vurğulayıb, biznes seminarın əhəmiyyətini qeyd edərək Şuranın ikitərəfli iqtisadi əlaqələrin inkişafında bundan sonra da fəal iştrak edəcəyini diqqətə çatdırıb.

Biznes seminarda “Qazprombank"ın fəaliyyəti barədə video-çarx nümayış olunub, əməkdaşlığın genişləndirilməsinə dair müzakirələr aparılıb