Azərbaycanın xalçaçılıq nümunələri Bursada - Fotolar

azerbaycanin-xalcaciliq-numuneleri-bursada
Oxunma sayı: 1724

Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY), Türkiyə Mədəniyyət Nazirliyi, Bursa Böyükşəhər Bələdiyyəsi təşkilatçılığı ilə 8 ölkədən olan sənətkarlar Türk Dünyası temalı “Ənənəvi Əl İşləri Festivalı”nda bir araya gəlib.

“Qafqazinfo” xəbər verir ki, Bursa Ənənəvi Əl İşləri Festivalında türk coğrafiyasının müxtəlif ölkə və bölgələrindən səksəndən çox ənənəvi əl işi bursalı sənətsevərlərə təqdim olunub.

Atatürk Konqres və Mədəniyyət Mərkəzində keçiriləcək festivala, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə, Tatarıstan (RF), Macarıstan və Bosniya-Herseqovinadan 80 sənət sahəsi üzrə 112 rəssam öz əsərləri ilə iştirak edib.

Festivalda Azərbaycandan TÜRKSOY-un təşkilati dəstəyi ilə xalçaçılıq sənəti üzrə 50 ildən çox təcrübəyə sahib sənətkar Nazilə Əbilova da qatılıb.

O, öz əl işi olan xalçaları və oğlu, xalçaçı rəssam Pərviz Murtuzayevin yaradıcılıq nümunələrini nümayiş etdirib.

Tədbirin sonunda sənətkarlar təşəkkürnamə və diplomlarla təltif olunublar. Azərbaycan və Türkiyə qardaşlığını təcəssüm etdirən miniatür xalçaçılıq nümunələri iştirakçılara və təşkilatçılara hədiyyə edilib.