“Azərbaycanla Ermənistan arasındakı dialoq hər kəsə nümunə olacaq”

azerbaycanla-ermenistan-arasindaki-dialoq-her-kese-numune-olacaq
Oxunma sayı: 1571

“Ümid edirəm ki, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin və bütün ermənilərin katolikosu II Qareginin nüfuzu Qarabağda uzun müddət davam edən münaqişənin nəticələrinin aradan qaldırılmasına kömək edəcək”.

“Qafqazinfo” xəbər verir ki, bunu Moskva və bütün Rusiya Patriarxı Kirill Azərbaycan, Rusiya və Ermənistan dini liderlərinin Qarabağa dair üçtərəfli görüşünü açarkən deyib.

“İnanıram ki, Azərbaycan və Ermənistanın dini liderlərinin nüfuzu insanların şüuruna müsbət şəkildə təsir edə biləcək və inanıram ki, bugünkü görüş və  aranızdakı dialoq hər kəs üçün nümunə olacaq”, - deyə Patriarx Kirill qeyd edib.

“İtkin düşənlərin talelərini aydınlaşdırmağa və mülki insanların həyatına təhlükə doğuran icazəsiz silah istifadəsinin qarşısını almağa çağırırıq”, - deyə o bildirib.

Patriarx Kirill, həmçinin gələcəkdə nifrət nitqindən qaçmaq üçün hər cür səy göstərməyin və münaqişə bölgəsində hərbi əməliyyatlara çağırışlardan çəkinməyin vacibliyini də vurğulayıb. 

Patriarxın sözlərinə görə, Qafqaz həmişə xalqların, dillərin və mədəniyyətlərin çoxluğu ilə məşhur olub və “Azərbaycan və erməni xalqları üçün birlikdə yaşamaqdan başqa gələcək yoxdur”.

Onun fikrincə, bu gün vacib olan məsələlərdən biri insanlar arasında etimadın bərpa edilməsidir. 

Bununla yanaşı, Moskva və bütün Rusiyanın Patriarxı deyib ki, dini liderlər Azərbaycan və Ermənistan xalqlarının barışmasına töhfə verməyə hazırdır və Rus Pravoslav Kilsəsi də öz növbəsində ona yaxın bu iki xalqın barışması üçün dua edir və Cənubi Qafqazda davamlı və ədalətli sülhün bərqərar olması üçün gələcəkdə də kömək etməyə hazırdır.