“Azərbaycanla oyunda yalnız qələbə barədə düşünürük”

azerbaycanla-oyunda-yalniz-qelebe-barede-dusunuruk
Oxunma sayı: 882

“Heyətdə müəyyən dəyişikliklər olsa da, sərəncamımızdakı bütün futbolçular sabahkı oyunda meydana çıxmağa hazırdılar. Sabah Azərbaycanla oyunda yalnız qələbə haqda düşünürük”.

"Qafqazinfo" xəbər verir ki, bu sözləri Slovakiya milli komandasının baş məşqçisi Pavel Hapal sabah Avro-2020-nin seçmə mərhələsində millimizə qarşı keçiriləcək oyundan öncə təşkil olunan mətbuat konfransında deyib.

50 yaşlı mütəxəssis ilk növbədə Uels -Macarıstan qarşılaşması deyil, öz oyunları barədə düşündüklərini bildirib: “Uelsdəki görüşün nəticəsi bizim üçün çox mühüm əhəmiyyət kəsb edir. Oradakı görüşlə bağlı optimistəm. İnanmalıyıq ki, Uels - Macarıstan görüşü heç-heçə nəticələ bilər. Çünki görüş hər iki tərəf üçün çətin olacaq. İlk növbədə komandalar qapılarını toxunulmaz saxlamağa çalışacaqlar. Biz isə öz oyunumuzu düşünməli və mütləq qələbə qazanmalıyıq. Xorvatiya ilə görüşdə bəxt bizim tərəfimizdə deyildi, nəticədə uduzduq. Ümid edək ki, Uels - Macarıstan oyununda bəxt bizim tərəfimizdə olacaq. Lakin oyun ərzində həmin matçın gedişatı ilə maraqlanmamalıyıq. Çünki mənfi xəbər almağımız Azərbaycanla görüşdəki performansımıza mənfi təsir göstərə bilər”.

O bildirib ki, Bakıda görüşlə müqayisədə yığmamızın oyununda müəyyən dəyişiklik var: “Bakıda keçirdiyimiz oyunla müqayisədə Azərbaycan millisinin çıxışında müəyyən dəyişikliklər olduğunu görünür. Biz görüşə ciddi yanaşmalı, maksimum gücümüzü ortaya qoymalıyıq”.