Azərbaycanla Rusiya arasında gərginlik xəbərləri

azerbaycanla-rusiya-arasinda-gerginlik-xeberleri-
Oxunma sayı: 639

Azərbaycanın şimal bölgəsi sakinlərinin dünən “Yeni Müsavat”a verdiyi məlumatlara görə, Rusiya Federasiyası Dağıstan Respublikasının Qusar rayonu ilə həmsərhəd ərazilərində Rusiya qoşunlarının cəmləşməsi müşahidə olunur. Mənbələr bildirir ki, qoşunların cəmləşməsini Qusar rayonunun kəndlərindən adi gözlə də müşahidə etmək mümkündür. Elə Dağıstana gedib-gələn yerli sakinlər də bu faktı təsdiqləyir.

Xəbərdə bildirilir ki, rus qoşunları əsasən Dağıstanın Məhərrəmkənd rayonu istiqamətində cəmləşdirilir, orada hərbi texnikanın və müxtəlif təyinatlı qüvvələrin artması müşahidə olunur. Bölgə sakinləri, o cümlədən Müsavat Partiyasının yerli fəalları Azərbaycanın xüsusi xidmət və təhlükəsizlik strukturlarının da mümkün təxribatlara qarşı gücləndirilmiş iş rejiminə keçdiyini xəbər verir.

Dağıstanın Azərbaycanla sərhəd ərazilərində rus qoşunlarının cəmləşdirilməsinin səbəbləri barədə məlumat yoxdur. Bununla belə hazırda Dağıstanda vəziyyətin gərgin olduğu və müntəzəm olaraq yaraqlılarla təhlükəsizlik qüvvələri arasında döyüşlərin baş verdiyi məlumdur. Bu yaxınlarda qəzetimiz belə xəbər almışdı ki, Rusiya yazın gəlişi ilə bölgədə radikal qruplaşmalara daxil olan yaraqlılara qarşı irimiqyaslı əməliyyatlar keçirməyə hazırlaşır. İddia edilirdi ki, bu əməliyyatın gedişində yaraqlıların bir qrupunun Azərbaycana keçməsi “təşkil oluna”, ardınca rus qoşunları sərhədi keçə bilər.

İstisna deyil ki, bölgədə rus qoşunlarının cəmləşdirilməsi yaraqlılara qarşı antiterror əməliyyatları ilə bağlıdır. Lakin son zamanlar şimal istiqamətindən Azərbaycana qarşı təzyiqlərin artması da açıq müşahidə olunmaqdadır. Xüsusən Azərbaycanda etnik zəmində gərginlik yaratmaq cəhdləri var. Ona görə də bölgə sakinləri arasında rus qoşunlarının cəmləşməsi ilə bağlı müəyyən narahatlıq hökm sürür.

Xatırladaq ki, Rusiya hələ ötən ilin yayından Dağıstanın Azərbaycanla sərhəd cənub ərazilərinə iri qoşun qruplaşmaları cəmləşdirib. Ardınca Moskvada “Milyarderlər ittifaqı” adını alan təşkilat yaranıb və bu təşkilat Bakıda, hakimiyyət düşərgəsində ciddi narahatlıqla qarşılanıb. Hakimiyyət təmsilçiləri təşkilatın Kremlin Bakıya qarşı planlarının bir hissəsi olduğundan şübhələnirlər. Həmçinin “Milyarderlər ittifaqı”na üzv olan, milliyyətcə avar olan Ramazan Abdulatipovun Dağıstana rəhbər göndərilməsi Bakıdakı şübhələri artırıb. İndi rus qoşunlarının Azərbaycanla sərhəd boyunca cəmləşdirilməsi bu faktların fonunda narahatlığa əsaslar yaradır...