İyunun 28-də Ankara şəhərində Azərbaycan Dövlət Gömrük Komitəsi ilə Türkiyə Gömrük və Ticarət Nazirliyi arasında Gömrük Sahəsində Birgə Komitənin ikinci iclası keçirilib.
“Qafqazinfo” xəbər verir ki, tədbirdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Naxçıvan MR Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Asəf Məmmədov və digərləri, Türkiyə Gömrük və Ticarət Nazirliyinin müşaviri Cenap Aşcının rəhbərliyi ilə nümayəndə heyəti iştirak edib.
İclasda çıxış edən Cenap Aşçı ölkəsinin gömrük sistemində tətbiq olunan yeniliklər, həyata keçirilən layihələr, Türkiyə və Azərbaycan arasında qarşılıqlı əməkdaşlığın gücləndirilməsi sahəsində görülən işlər barədə məlumat verib.
.jpg)
Səfər Mehdiyev isə çıxışında iki ölkə arasındakı bütün sahələrdə səmərəli, işgüzar əlaqələrin qurulduğunu, bu əlaqələrin gömrük işi sahəsində də sürətlə inkişaf etdiyini bildirib. Son illər Azərbaycanda aparılan islahatlar hesabına xarici investorlara güzəştlərdən, gömrük sahəsində tətbiq edilən yeni sistem və layihələrdən bəhs edən Komitə sədri sahibkarlar üçün ölkədə münbit şərait yaradıldığını diqqətə çatdırıb.
Tərəflər qaçaqmalçılıqla mübarizə bölmələri arasında əlaqələndirici şəxsləri təyin edib və təsdiqləyiblər; kinoloji təlimlər mövzusunda əməkdaşlığın davam etdirilməsi barəsində razılığa gəlib və birgə tədbirlərin keçirilməsinin zəruriliyini vurğulayıblar.
İclasda Türkiyədən tranzit keçməklə Azərbaycan ilə Naxçıvan Muxtar Respublikası arasında və əks istiqamətdə yüklərin, xüsusilə də canlı heyvanların daşınması məsələsi də müzakirə edilib. Məsələnin qısa zamanda müsbət həlli üçün iki ölkənin qida təhlükəsizliyi sahəsində aidiyyəti qurumlarının da iştirakı ilə görüş keçirilməsi razılaşdırılıb.

Bununla yanaşı, iki ölkə arasında gömrük məlumatlarının mübadiləsinin gələcəkdə hava vasitəsilə daşınan mallara da tətbiq edilməsi üzrə danışıqların başlanması barədə razılıq əldə olunub. Tərəflər Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi çərçivəsində məlumatların elektron şəkildə mübadilə edilməsini də qərara alıblar.
Birgə komitənin üçüncü iclasının isə gələn il Bakı şəhərində keçirilməsi razılaşdırılıb.
İclasın sonunda Birgə Komitənin ikinci iclasının protokolu imzalanıb. Sənədi Azərbaycan tərəfindən Səfər Mehdiyev, Türkiyə tərəfindən isə Cenap Aşcı imzalayıb.
Son xəbərlər
Son Xəbərlər