Azərbaycanlı iş adamının qətli ilə bağlı cinayət işi bağlandı

azerbaycanli-is-adaminin-qetli-ile-bagli-cinayet-isi-baglandi
Oxunma sayı: 839

“Qafqazinfo”nun Rusiya KİV-nə istinadən verdiyi məlumata görə, məhkəmə qarşısına bu cinayəti təşkil etməkdə günahlandırılan dörd nəfər çıxacaq. İstintaqın nəticələrinə görə, qətl bir qrup şəxs tərəfindən ilkin razılaşmaya uyğun olaraq İqbal Mahmudovun ictimai fəaliyyətinə görə törədilib.

Hazırda iş üzrə ittihamnamə prokurorluq tərəfindən təsdiq edilib. Bu barədə Donetsk vilayətinin prokurorunun mətbuat katibi Yana Sobolevskaya məlumat verib.

Nəşr yazır ki, qeyri-rəsmi informasiyalara əsasən bu qətlin səbəbi İqbal Mahmudovun biznes məsələlərində tutduğu prinsipial mövqe ilə bağlı olub. Məlumata görə, Azərbaycan diaporasının üzvlərindən biri İ.Mahmudovun şəffaf biznes siyasəti aparmasına qarşı çıxıb. Bunun da diaporanın nüfuzlu rəhbərini aradan götürmək üçün açar səbəb olduğu bildirilir.

Xatırladaq ki, Ukrayna Azərbaycanlılar Konqresinin Donetsk vilayət şöbəsinin rəhbəri İqbal Mahmudov mayın 9-da öldürülüb. Həmyerlimiz maşından düşərək veteranlara doğru gedərkən iki naməlum şəxs dövlət nömrə nişanı olmayan motosikletlə ona yaxınlaşıblar. Onlardan biri motosikletdən düşərək iş adamına 5 dəfə atəş açıb. Yaralı təcili xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, İqbal Böyükkişi oğlu Mahmudov 1977-ci ildə Lənkəran rayonunun Port-İliç qəsəbəsində (indiki Liman şəhəri) anadan olub. 1995-ci ildə Ukraynaya gedib. Donetsk Milli Universitetinin iqtisadiyyat fakültəsini bitirib. Bundan sonra təhsilini Taras Şevçenko adına Kiyev Milli Universitetinin beynəlxalq hüquq və biznes fakültəsində davam etdirib və oranı da müvəffəqiyyətlə bitirib. 2005-ci ildən Ukrayna Azərbaycanlıları Konqresinin Donetsk vilayəti təşkilatına sədrlik edib.

İqbal Mahmudov “Azud” MMC-nin təsisçisi və prezidenti, eləcə də kikboksinq üzrə idman ustası olub, Ukraynada keçirilən yarışlarda dəfələrlə qalib gəlib. Mərhum ictimai fəal olmaqla yanaşı, xeyriyyəçi kimi də tanınıb. O, bir sıra idman yarışlarının sponsoru olub, müharibə və əmək veteranlarına, əlillərə və kimsəsizlərə daim yardım edirmiş.

Səidə