“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Konfrans Liqasının 1/16 final mərhələsində “Marsel”ə 0:3 hesabı ilə uduzduqları oyundan sonra mətbuat konfransına qatılıb.
“Qafqazinfo” xəbər verir ki, Ağdam klubunun çalışdırıcısı əvvəlcə oyun barədə danışıb, daha sonra sualları cavablandırıb:
- Dünən demişdim ki, riskə gedəcəyik. Əvvəlcədən gözləyirdim böyükhesablı matç olsun. Fikrim komandanın oyun sistemini, özünəinamını dəyişməkdir. Azərbaycan futbolunda hücumameyilli, aqressiv komanda yaratmaq istəyirik. Çox razı qaldım futbolçulardan. Son 10 dəqiqədə vəziyyət məlum idi və bir neçə dəyişiklik etdim. 0:2-dən sonra 0:3-ü, 0:4-ü düşünmürdüm. Bir az ustalıq səviyyəsi fərqli idi. Rəqib 2-3 qol fürsətindən yararlandı, bizdə isə fərqli oldu. Belə komandaların Azərbaycana gəlməsi gələcəyimiz üçün təkandır.
- Öncə vurduğunuz qolun qeydə alınmamasına göstəriş verdiyiniz haqqında danışardınız. Rəqib baş məşqçi dedi ki, bunu etməzdi…
- İnanın ki, bundan sonra mənim üçün çətin məqamlardan biri olacaq. Bu sualı cavablandırmaq çox çətindir. Bura gələnə qədər çox soruşdular, amma istəməzdim ki, çox soruşulsun. İnanmıram ki, azarkeşlər məndən inciyər. Əsl azərbaycanlı kimi qərar vermək istədim. İbrahima Vadjini yanıma çağırdım və soruşdum ki, sən əllə oynadın, yoxsa top əlinə toxundu. O da əllə oynadığını bildirdi. Ədalətli qərar verməklə bağlı çətinliyim yoxdur. Sərbəst qərar verdim.
- Bugünə qədər sizə qarşı çox ədalətsiz qərarlar olub. Etdiyiniz jestlə onlara layiqli cavab verdiyinizi düşünürsünüzmü?
- Mənim üçün hər dəfə fikir demək çətindir. Üzərimə düşən vəzifəni daim layiqincə yerinə yetirmək istəmişəm. Çalışdım ki, ədalətli olum. Heç kəsin haqqına girmək fikrində olmamışam. Həmin vaxt haqsızlıqlara cavab vermək barədə düşünmürdüm. Olanlar keçmişdə qalıb. Bu gün nə lazım idisə, onu etdim.
Elsevər Məmmədov
Son xəbərlər
Son Xəbərlər