Azərbaycanlı məmurlar Obamanın “qara siyahı”sında

azerbaycanli-memurlar-obamanin-qara-siyahisinda
Oxunma sayı: 649

“Qafqazinfo”nun “musavat.com”a istinadən verdiyi məlumata görə, ABŞ prezidenti Barak Obama Rusiyada insan haqlarını pozan və işgəncələrə qarşı məsuliyyət daşıyan bir qrup məmura qarşı sanksiyaları nəzərdə tutan “Maqnitski siyahısını” imzalayıb və təsdiqlənmək üçün Konqresə göndərib.

“Frans press” agentliyinin Konqresdəki mənbələrə istinadən yaydığı xəbərə görə, siyahıda 18 nəfərin adı yer alır. Lakin onlar təkcə Rusiya məmurlarından ibarət deyil. Sanksiya tətbiq olunanların arasında Ukrayna, Azərbaycan və Özbəkistandan olan məmurların da adları yer alır. Mənbə bu respublikalardan dörd nəfərin adının siyahıya daxil edildiyini bildirib.

Rusiyalı vəkil, “Hermitage Capital” şirkətinin hüquqşünası S.Maqnitski yüksək ranqlı məmurların offşor zonalardakı biznesini açdığı üçün həbs olunub və həbsxanada qəddar rəftar üzündən ölüb. Sanksiyalar adları siyahılara daxil olunanların bank hesablarına və digər aktivlərinə həbs qoyulmasını, habelə onların ABŞ-a girişinin qadağan olunmasını nəzərdə tutur.

Siyahıda Rusiyadan yüksək vəzifəli məmurlar və gözlənildiyinin əksinə olaraq prezident Vladimir Putinin yaxın ətrafına daxil olan şəxslər yer almır. 18 nəfərlik siyahıda yer alanlar vəkilin ölümünə görə məsuliyyət daşıyan müstəntiqlər, həbsxana rəsmiləri və aşağı rütbəli hüquq-mühafizə orqanları əməkdaşlarıdır.

Siyahıda gösrtərilir ki, sanksiya tətbiq edilənlərdən biri Artyom Kuznetsov Azərbaycan vətəndaşıdır və Bakıda anadan olub. Lakin Lenta.ru saytı dəqiqləşdirir ki, A.Kuznetsov Azərbaycan vətəndaşı deyil və siyahıda yanlışlıq var. Belə ki, A.Kuznetsov Bakıda anadan olsa da hazırda Rusiya vətəndaşıdır.

Dosyesindən məlum olur ki, A.Kuznetsov polis podpolkovnikidir, Moskva şəhər daxili işlər idarəsinin Vergi cinayətləri idarəsinin 2-ci şöbəsinin rəisi olub və bu yaxınlarda Rusiya DİN-in iqtisadi cinayətkarlığa qarşı mübarizə departamentinin rəisi təyin olunub . Kuznetsov vəkil Maqnitskinin ölümünə və korrupsiya qalmaqalına görə əsas fiqurantlardan biridir. 2007-ci ildə bir qrup vəzifəli şəxs əlbir olaraq Rusiya büdcəsindən fırıldaq yoluyla 230 milyon dollar ələ keçirib. Bu korrupsiyanın üstünü açan vəkil Maqtnitskiyə qarşı təzyiqlər başlayıb, Kuznetsovun başçılıq etdiyi əməliyyat qrupu ofisinə basqın edərək onu həbs edib. 11 ay sonra vəkil həbsxanada ölüb.