Azərbaycanlı “pasifistləri” ermənipərəst olmağa sövq edən mexanizmlər

azerbaycanli-pasifistleri-ermeniperest-olmaga-sovq-eden-mexanizmler
Oxunma sayı: 44358

Erməni şəbəkəsi 12-14 sentyabr tarixlərində baş vermiş döyüşlərin, insan itkisinin günahını   Azərbaycanın adına yazmaq üçün çalışır. Sərhəddə təxribatlar törədən, qarşılığında ağır zərbə alıb  məğlub olan Ermənistan  qisasını diplomatik müstəvidə almaq istəyir. Hədəfləri  Azərbaycana qarşı sanksiyalar tətbiq edilməsinə nail olmaqdır.

Məqsədə çatmaq üçün ən müxtəlif vasitələrdən istifadə edirlər. BMT Təhlükəsizlik Şurasına, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT), Avropa İttifaqına, Avropa Şurasına,  ayrı-ayrı dövlət başçılarna müraciətlər edib, Ermənistanın guya Azərbycan Ordusu tərəfindən təcavüzə məruz qaldığı  barədə iddialar irəli sürürlər. Ötən 30 il müddətində olduğu kimi, bu dəfə də bütöv bir  “yalan paketi” hazırlayıblar, dayanmadan bütün ünvanlara göndərirlər.

Azərbaycan dövləti, diplomatiyası da onlara tutarlı cavab verir. Dəfələrlə rastlaşılan və iflasa uğradılan “yalançı erməni kampaniyasını” bu dəfə də zərərsizləşdirmək üçün müvafiq addımlar atılır. Azərbaycanın diplomatik  səylərinə müvafiq olaraq,  KTMT eməni tərəfinin müraciətini ümumiyyətlə ciddiyə almadı. Yaxud, erməni lobbisi sentyabrın 17-də  ABŞ Kongresinin nümayəndələr palatasının spikeri Nensi Pelosinin İrəvana səfərini təşkil etdisə, buna qarşılıq olaraq sentyabrın 18-də ABŞ dövlət katibi Antoni Blinken də  Prezident İlham Əliyevə zəng vurdu. Danışıq zamanı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, o cümlədən sülh müqaviləsi üzrə danışıqlar, nəqliyyat dəhlizlərinin açılması istiqamətində səylərin davam etdirilməsinin vacibliyi vurğulandı  (https://yeniazerbaycan.com/Gundem_e74214_az.html ).

Amma prosesin gedişində diqqət çəkən, zərərli olan bir məqam var.

Erməni təbliğatına  dəstək verən Azərbaycanlılar

Erməni şəbəkəsi öz iddialarını gerçəkləşdirmək, Azərbaycan Ordusunu və dövlətini şərləmək üçün Azərbaycanın özündən olan ictimai şəxslərdən də faydalanır. Bu kontekstdə Azərbaycanlı pasifistlərin ( müharibə əleyhinə olanlar / “sülhpərvərlər”) çıxışlarına geniş yer ayırırlar.  Ermənistan KİV-lərinin əksəriyyəti 12-14 sentyabr insidentində “Ermənistanın haqlı olduğunu” isbatlamaq üçün  tarixçi alim Altay Göyüşovun fikirlərinə istinad ediblər. Onun  “Şəxsən mənə İrəvan, Zəngəzur-filan lazım deyil və Ermənistana qarşı gecəki təcavüzü birmənalı olaraq pisləyirəm” açıqlamasını tirajlayıblar (https://m.facebook.com/story.php?story_fbid=pfbid02LgbDP6atF8ybHQ3Nf6HBdyaHnnYRVJmg8zmNgZfm41iyrsFPhb7MVDHLP1JwVfbdl&id=1834937171&mibextid=lM2zdH   ). Azərbaycanlı  tarixçinin sözlərini  6  dilə tərcümə edərək bütün dünyaya yayıblar. Qeyd ediblər ki, “Azərbaycan Ordusunun Ermənistan ərzisinə təcavüz etməsi faktını Azərbaycanlı tarixçi alim Altay Göyüşov da etiraf edib”. 

Bu sırada Azərbaycan hüquq müdafiəçisi, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri, Fransanın   Şərəf Legionu Kavaleri Ordenilə təltif edilmiş  Şəhla İsmayılın Azərbaycan ordusunun fəaliyyətini şübhəyə alan açıqlamalarına da geniş istinad olunur. Şəhla İsmayıl sosial şəbəkələrin Ermənistan seqmentində başladılan,  #No-war  həştəqi  ilə paylaşılan kampaniyaya dəstək verib. Ermənistanda başladılan bu kampaniya ilə Azərbaycandan olan paylaşımların arasında sinxronluq var. Məsələ ondadır ki, həm  ermənilər, həm də “bizimkilər” bu kampaniya çərçivəsində Azərbaycanı günahlandırırlar. Şəhla İsmayıl  Ermənistan seqmentində başladılan kampaniya ilə həmrəylik göstərir, onlarla eyni həştəqi paylaşır. Onun öz sosial şəbəkə hesablarında müharibənin dayandırılması üçün çağırışl etməsi, amma müharibəni başlayan tərəfin kimliyi barədə danışmaması, əksinə, ara-sıra Azərbaycan Ordusunun fəaliyyətini şübhəyə alması da erməni tərəfinin işinə yarayıb (  https://m.facebook.com/story.php?story_fbid=pfbid0qBNmySP131CE7NCHRKzUAP1Je7pcJUHn2u2jBTJGHLH8pvxVpJVwyFwe14JF1hCl&id=648080512&mibextid=lM2zdH  ).

Şəhla İsmayılın bu açıqlaması təxribatların  Ermənistan ordusu deyil, Azərbaycan ordusu tərəfindən törədildiyini isbatlamaq üçün sübut kimi istifadə edilir.

Prosesləri izləyərkən bəlli olur ki, Altay Göyüşov, Şəhla İsmayıl bu sırada tək deyillər. Azərbaycanda “pasifistlərin” (“sülhsevərlər”), reallıqda isə, ermənilərə pas ötürənlərin bütöv bir nəsli yetişdirilib və zaman-zaman istifadə edilib. 12-14 sentyabr tarixində  Ermənistanın  diversantları  sərhədlərimizi pozan kimi, erməni şəbəkəsi  sosial media platformaları  və  internet ressurslardan informasiya  diversantlarını  da  məkanımıza yönəltdilər, beynimizə soxuldular.

Bunlar yeni təzahür deyil: biz onları 2020-ci ildə- II Qarabağ Müharibəsi dönəmində də görmüşük.

Ermənistanın Baş naziri Nikol Paşinyanın xanımı Anna Akopyan 2018-ci ildə “Qadınlar sülh naminə” təşəbbüsü ilə çıxış etmişdi   və Azərbaycanlı qadınları bu təşəbbüsə qoşulmağa çağırmışdı. O, 2019-cu ildə ABŞ konqresmenləri və Karnegi Fondunun ekspertləri ilə görüşündə “Qadınlar sülh naminə” təşəbbüsünün mahiyyətini belə izah etmişdi: “Azərbaycanla Ermənistan arasındakı münaqişədə çoxlu sayda gənc həlak olur. Təşəbbüsümüzün məqsədi bu ölümlərin qarşısını almaqdır. Mən bir qadın və ana kimi inanıram ki, dünyada ən dəyərli şey insan həyatıdır” (https://jam-news.net/ru/супруга-премьера-армении-призывает-ж/).

Anna Akopyan yalan danışmışdı. Öz açıqlamasında münaqişənin səbəblərinə toxunmamış, işğal edənlə işğala məruz qalanın adlarını göstərməmişdi. Heç yerdə deməmişdi ki, iki ölkə arasında müharibə Ermənistan ordusunun Azərbaycan torpaqlarını işğal etməsi səbəbindən başlayıb. Əksinə,  münaqişənin günahkarı kimi daha çox Azərbaycanı işarə vermişdi. Bu azmış kimi, elə həmin illərdə, 2018-2019-cu illərdə  öz oğlu Aşot Paşinyanı müddətli həqiqi hərbi xidmət  keçmək üçün Azərbaycanın işğal altında olan torpaqlarına-Qarabağa göndərmişdi. Səmimi şəkildə sülh istəyən şəxs belə davranışa yol verməz.

Amma Akopyanın bu riyakarlığını ifşa edən, üzə çırpan  olmadı. Əksinə, onun riyakar kampaniyası dəstək qazanaraq, 2019-cu ildə ABŞ Konqresinə də təqdim edildi. Həmçinin, ATƏT-in fəaliyyətdə olan sədri tərəfindən dəstəkləndi. 2020-ci ildə Vətən müharibəsi başayanda Akopyan bu kampaniyasını daha da genişləndirdi, “anaların sülh uğrunda imzası” kampaniyasını gerçəkləşdirdi. Ən maraqlı məqam isə, Akopyanın bu təxribatçı fəaliyyətini dəstəkləyən “Azərbaycanlılar”ın ortya çıxması oldu. Nə az, nə çox, tam 87 nəfər Azərbaycanlı ictimai fəal Anna Akopyanın kampaniyasını dəstəkləyənlər sırasında yer tutdular, onun kampaniyasına imza atdılar (siyahı burada: https://www.xalqcebhesi.az/news/politics/58811.html ).

Amma Ermənistan tərəfindən gündəmə gətirilən yalançı sülh kampaniyalarını dəstəkləyən  Azərbayanlıların siyahısı bununla da yekunlaşmır. Müharibə günlərində Rusiya kanallarına çıxıb Azərbaycanın haqq işi barədə bir kəlmə deməyən  "ziyalılar"ın “parlaq nümunəsi” İradə Zeynalova oldu. Zeynalova  NTV kanalından  Azərbaycan və Türkiyəyə əleyhinə nifrət yağdırdı. Yaxud,  Azərbaycan torpaqlarının işğal altında olduğu dövrlərdə “Daş yuxular” romanını yazan,  erməniləri tərifləyən Əkrəm Əylisli 2020-ci ilin oktyabr ayında-II Qarabağ savaşının baş verdiyi  günlərində-  Amerika Erməni Milli Komitəsinin sponsorluğu ilə ABŞ-da öz kitabının təqdimatını keçirdi. Bundan daha öncə isə “milli QHT” təmsilçilərinin dili ilə  qondarma “Xalq diplomatiyası” ideyası gündəmə gətirilmiş, torpaqları işğaldan azad edilməmiş Azərbaycanı “sülhə çağırmışdılar”. Belə nümunələrin sayı çoxdur, hamısını bir-bir qeyd etmək imkansızdır. 1990-cı illərdən-Qarabağ müharibəsinin ilk günlərindən hazırlanıb dövriyyəyə buraxılıblar, bu gün də iş başındadırlar. Hər nə olursa-olsun, Azərbaycanı Qarabağ münaqişəsində haqsız, Ermənistanı isə haqlı göstərmək istəyirlər.

Müqayisə üçün deyək ki, bizim “pasifistlər” “sülh naminə” Ermənistana dəstək verdikləri  zamanlarda ermənilər əksinə davranırlar. Erməni ziyalılar, din, mədəniyyət, ədəbiyyat, elm və incəsənət xadimləri, qeyri-hökumət təşkilatları, KİV-ləri, diaspor qurumları tərəddüdsüz olaraq öz dövlətlərini dəstəkləyirlər.  Bunu yalnız indi-Ermənistanın əzilib zəif düşdüyü dövrdə deyil, həm də Azərbaycan torpaqlarını işğal altında saxladığı zamanlarda ediblər. Daima özünün haqsız  xalqının yanında olan Kim Kardaşyanın, Rusiyadan 9 milyar dollar vəsaiti oğurlayıb Qarabağ ermənilərinə dəstək üçün xərcləyən Ruben Vardanyanın, Beyrutda, Parisdə Azərbaycan səfirlikərinə hücum çəkən erməni diasporunun fəaliyyəti göz qabağındadır. Son 30 ildə  Azərbaycanın haqlı mövqeyini dəstəkləyən erməni ziyalılarının, QHT, KİV nümayəndələrinin  siyahısını görməmişik. “Azərbaycanlı pasifistlər” isə bunu edirlər.

Azərbaycanlı “pasifistlərin” paradoksal xüsusiyyətləri

Pasifistlər – yəni müharibə əleyhinə çıxanlar hər zaman və dünyanın hər yerində olublar. Sıralarında dünya şöhrətli yazıçıları, alimləri, intellektualları görmək mümkündür. Pasifist olmağı kimsə qadağan etmir. Çünki, zahiri də olsa, şüarları  insanpərvərlik, sülhsevərlikdir. Onlar  qan, göz yaşı, ölüm-itim istəmirlər. Hər nə vasitə ilə olursa-olsun, sülh bağlanılmasına tərəfdar çıxırlar. Amma “Azərbaycanlı pasifistlər” bu prinsipi pozurlar. Onların çıxışları sülh qurmağa yox, Ermənistanın qalib və haqlı tərəf kimi tanınmasına köklənib. Xüsusiyyətləri budur ki, milli maraqları heç düşünmür,  düşmənə açıq dəstək verirlər.

Nümunə üçün deyək ki, Azərbaycanlı “sülhsevərlər” torpaqlarımızın işğal altında qalması, 30 il ərzində talan edilməsi barədə  özlərinin sosial şəbəkə hesablarında bircə kəlmə də yazmayıblar. Ermənistanın “xətrinə dəyəcək” bircə cümlə  işlətməyiblər. Hətta  radikal erməni  icmalarının son günlər Livanda, Fransada səfirliklərimizə qarşı hücumlar  təşkil etmələri  barədə də danışmırlar (https://qafqazinfo.az/news/detail/ermeniler-azerbaycanin-fransadaki-sefirliyine-hucum-etdiler-video-376193  ). Amma Ermənistanın məğlub duruma düşməsi mövzusunu daim aktual saxlayırlar. Azərbaycan ordusunu “təcavüzkar” adlandırır, buna görə nifrət bəslədiklərini gizlətmirlər.

Ən təzadlısı budur ki, onlar  44 günlük müharibə dönəmində, həmçinin, 12-14 sentyabr sərhəd insidenti günlərində   "No-war" (Müharibəyə-YOX)  kampaniyasına qoşulsalar da,  Ukrayna –Rusiya müharibəsi fonunda fərqli mövqe sərgilədilər, Ukraynaya dəstək nümayiş etdirdilər. Ukraynanın Bakıdakı səfirliyi önündə keçirilən aksiyaya qoşularaq əks tərəfə nifrin yağdırdılar. Əgər “Müharibəyə-YOX” şüarını səmimi şəkildə səsləndirirlərsə, onda bu yanaşmanı təkcə Azərbaycan-Ermənistan müharibəsinə deyil,   Ukrayna-Rusiya müharibəsinə də şamil etməli idilər.

Açıq şəkildə görünür ki, səmimi deyillər,  təsir altındadırlar. Sifarişli  hərəkət edirlər və şüarlarını situasiyaya görə dəyişirlər. Bu dəyişkənlik, ikiüzlülük təkcə “Azərbaycanlı pasifistlərə” deyil, onları yönləndirən güclərə, təsir altına salan qüvvələrə də aiddir. İyerarxik olaraq, yuxarıdan aşağıya doğru sıralanır.

Azərbaycanda ermənipərəst mövqe sərgiləyən, Azərbaycanı müharibədə iştiraka görə pisləyən QHT-lər Qərb mərkəzləri tərəfindən yüksək məbləğli qrantlarla mükafatlandırılırlar. 2021-ci ildə onlara kifayət qədər “mükafat” ötürüldü. Yaxud, Qərb donorları Azərbaycanda "No-war" kampaniyası keçirən QHT-lərə qrant ayırırlarsa,  Ukraynada əksini edirlər.  Ukrayna QHT-lərini Rusiyaya qarşı daha sıx səfərbər olmağa sövq edirlər. Yəni, Ukraynada vətəndaş cəmiyyəti təmsilçilərini “beynəlxalq hüququn müdafiəsinə” təşviq edən Qərb mərkəzləri  bizimkilərdən ermənipərəst mövqe tələb edirlər. Erməni şəbəkəsi də bu yanaşmadan maksimum dərəcədə faydalanır.

Fransa Azərbaycan hüquq müdafiəçisi, Rasional İnkişaf Uğrunda Qadınlar Cəmiyyətinin rəhbəri Şəhla İsmayılı  Fransanın   Şərəf Legionu Kavaleri Ordeni ilə təltif edib. Təqdimatın səbəblərindən biri  Şəhla İsmayılın Azərbaycan-Ermənistan müharibəsinə qarşı çıxması, sülh çağırışı etməsidir. Təbii ki, həm də müharibənin əsl səbəbkarını diqqətdən yayındırması, Ermənistanla Azərbaycanı  eyni tərəziyə qoymasıdır.   

Fransa hökuməti eyni ordeni Rusiya-Ukrayna müharibəsi fonunda Ukraynalı şairə Lina Kostenkoya da verib. Səbəb budur ki, Kostenko  öz ölkəsini, Ukraynanı  dəstəkləyir, Rusiyanı işğalçılıqda ittiham edir

(   https://life.nv.ua/art/lina-kostenko-poluchila-samuyu-vysokuyu-nagradu-francii-orden-pochetnogo-legiona-poslednie-novosti-50256477.html ).

Deməli, Fransa hökuməti eyni ordeni  fərqli ölkələrdə fərqli dəyərlərə görə verir. Xanım Kostenkonu öna görə dəyərləndirib ki, o,  Rusiyanın Ukraynaya qarşı müharibəsi  əleyhinə təbliğat aparıb.  Şəhla İsmayılı isə öz ölkəsində ictimai rəyi çaşdırdığı, işğalçı Ermənistanı işğala məruz qalan Azərbaycanla eyniləşdirdiyi üçün dəyərləndirib.

Bir nümunə verməklə, fikrimizi tamamlayaq. Anna Akopyanın ideya müəllifi kimi göstərildiyi Cənubi Qafqazda "Qadınlar sülh naminə " təşəbbüsü  Avropa İttifaqının  "xalq diplomatiyası" proqramı çərçivəsində dəstəklənmiş, maliyyələşdirilmişdi. Layihənin ideyasına  görə,  Gürcüstanın işğal olunmuş ərazilərindəki əsgər anaları ilə Gürcüstanın digər ərazilərindən olan  əsgər analarınin görüşləri təşkil edilməliydi. Onların mədəniyyət və məişət təsəvvürlərinin mübadiləsi həyata keçirilməliydi. Amma bir müddət sonra maliyyələdirmə dayandırıldı.  Çünki, proqramın  Gürcüstana aid hissəsində problem yaranmışdı. Layihənin dayandırılmasına səbəb  Avropa Birliyinin Cənubi Qafqaz ofisinin proqramlarını  həyata keçirən tərəfdaş QHT- nin maxinasiyasının aşkarlanması oldu. Layihədə iştirak edən erməni əsilli şəxslər Gürcüstan  tərəfindən erməni əsilli qadınları “gürcü əsgər anaları”  kimi təqdim etmişdilər. Saxtakarlığa əl ataraq imitasiya etmişdilər.

Erməni aktivistlər belədirlər. İstər “ziyalıları”, istər QHT və KİV təmsilçiləri, istərsə də beynəlxalq təşkilatlarda çalışanları olsun, tutduqları mövqedən istifadə edib  Ermənistana xeyir verməyə çalışırlar.  Harada vardırlarsa, haqlı-haqsız, vətənlərini müdafiə edir, psevdo “sülhpərvərlikdən” yayınırlar.

Yeganə Hacıyeva

Müşfiq Ələsgərli