“Azərbaycanlı qadınlar İranda təzyiqlərlə üzləşir” - Yenilənib

“Azərbaycanlı qadınlar İranda təzyiqlərlə üzləşir”
Oxunma sayı: 1593

“Urmiya gölünün quruması 18% hava, təbii proseslərlə bağlı olsa da, 82% insan fəaliyyəti ilə bağlıdır”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Ərk” insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi, etnik məsələlər və qadın hüquqları üzrə fəal Jalə Təbrizli Bakıda keçirilən “Urmu gölünün harayı” adlı dəyirmi masada çıxışı zamanı deyib.

“İran hökuməti tərəfindən Urmiya gölünün suyundan hesabsız şəkildə quyulara vuruldu, səmərəsiz şəkildə istifadə olunmağa başlanıldı. Gölün axan sularının qarşısı alındı”, - deyə Jalə Təbrizli qeyd edib.

O vurğulayıb ki, hazırda Urmiya gölünün 95%-i artıq quruyub: “Lakin İran hökuməti bu istiqamətdə heç bir addım atmır. Biz eşitmişik ki, ərazidə olan duz yük maşınları ilə daşınır. Hazırda 14 milyon insan həmin ərazidən köçürülməlidir. Orada duz tozları baş verir, insanlarda xərçəng xəstəliyi yaranır. İnsanların həyatı təhlükədədir”.

Jalə Təbrizli, eyni zamanda çıxışında qeyd edib ki, İranda yaşayan azərbaycanlılar öz dillərində təhsil ala bilmirlər: “İran Konstitusiyasında müvafiq maddə olsa da, həmyerlilərimizin doğma dillərində danışmasına şərait yaradılmır”.

O qeyd edib ki, xüsusən də azərbaycanlı qadınlar İranda zülmə məruz qalırlar: “İranda qadın hüquqları tanınmır. Azərbaycanlı qadınlar orada təzyiqlərlə üzləşir. Bizim uşaqlarımız ana dilində təhsil ala bilmir”.

***

Yazıçı, jurnalist və Güney Azərbaycan milli hərəkatı üzrə ekspert, “Ərk” insan hüquqlarının müdafiəsi təşkilatının həmtəsisçisi Maşallah Rəmzi bildirib ki, İranda azərbaycanlılara qarşı ayrı-seçkilik tətbiq edilir:

“İranda yaşayan azərbaycanlıların sayı lap az götürsək 30 milyondur. 85 milyon əhalisi olan hazırkı İran hökumətində olan 23 nazirdən biri yalnız azərbaycanlıdır. O da səhiyyə naziridir və bu vəzifənin heç bir siyasi çəkisi yoxdur”.

O, həmçinin vurğulayıb ki, Cənubi Azərbaycanda iqtisadiyyat qəsdən İran hökuməti tərəfindən zəiflədilir, çökdürülür: “İranda mədəniyyətimiz təhqir olunur, assimilyasiya siyasəti həyata keçirilir. İqtisadiyyatımızı bilə-bilə günbəgün zəiflədir, ölkəmizi, sərvətlərimizi çapırlar, qarət edirlər. Bu əraziyə işğal olunmuş torpaq kimi baxırlar. Məşrutə inqilabı zamanı Təbriz İranda ən inkişaf etmiş, iqtisadi cəhətdən ən güclü şəhər idi. Pəhləvi dövründə, İslam inqilabına qədər Təbriz bu göstəricilərə görə beşinci oldu. İndi İslam inqilabından 43 il keçib. İndi İran özü deyir ki, bu göstəriciyə görə Təbriz 11-ci yerdədir. Bu isə İran hökumətinin apardığı siyasətin nəticəsidir”.

***

Onun sözlərinə görə, İkinci Qarabağ müharibəsi zamanı İran vasitəsilə Ermənistana silahların daşınmasına etiraz edən 300 nəfər güneyli həbs edilmişdi: “Biz onların azad olunması üçün işlər apardıq və buna nail olduq".

Jalə Təbrizli qeyd edib ki, hazırda İranda davam edən aksiyalarda Cənubi Azərbaycan Universitetlərində təhsil alan 1700 tələbə saxlanılıb: “Onlar arasında qızlar da var”.

Eldar Tanrıverdi