Azərbaycanlı rejissor və aktyorlar Rusiyada mükafata layiq görüldü

azerbaycanli-rejissor-ve-aktyorlar-rusiyada-mukafata-layiq-goruldu
Oxunma sayı: 1181


“Qafqazinfo”nun məlumatına görə, Rusiya Federasiyasının Həştərxan Dövlət Gənc Tamaşaçılar və Kalmıkiya Respublikasının B.Basanqov adına Milli Dram Teatrlarında keçirilən qastrol çərçivəsində kollektiv 3 tamaşa ilə çıxış edib. Yaradıcı heyət Həştərxan Dövlət Gənc Tamaşaçılar Teatrında Yevgeni Şvartsın eyniadlı əsəri əsasında hazırlanmış “Qırmızı papaq” tamaşasını nümayiş etdirib.   Həştərxan şəhər teatr ictimaiyyəti, teatr rəhbərliyi, eləcə də tamaşaçılar peşəkar aktyor oyunu və  istedadlı rejissor işini yüksək qiymətləndiriblər. 

 Uğurla keçən qastrol səfərinin bağlanış mərasimində Həştərxan vilayəti Mədəniyyət Nazirliyinin nümayəndəsi və teatrın rəhbərliyi GTT-nin kollektivinə qarşılıqlı yaradıcılıq münasibətlərinin inkişafındakı xidmətlərinə görə öz təşəkkürünü bildirib, daha sonra Həştərxan vilayəti Mədəniyyət nazirinin Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəs Qarayevə təşəkkür məktubu təqdim olunub.  

Kollektiv Kalmikiya Respublikasının Elista şəhərində yerləşən B.Basanqov adına Milli Dram Teatrında Y.Şvartsın “Qırmızı papaq”, Avstriya dramaturqu Peter Türrininin “Axır ki...” və R.Ağayevin “Bir gecənin nağılı” tamaşalarını nümayiş etdirib.  

Qastrol səfərinin bağlanış mərasimində çıxış edən Kalmıkiya Respublikasının Baş nazirinin müavini Larisa Borisovna Vasilyeva Kalmıkiya Respublikasının rəhbəri Aleksey Maratoviç Orlovun 27.03.2014-cü il tarixli sərəncamını səsləndirmişdir. Sərəncama əsasən, Xəzəryanı xalqlar arasında mədəni əməkdaşlığın möhkəmləndirilməsinə görə teatrımızın direktoru, Əməkdar Artist Mübariz Həmidov və baş rejissoru Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov “Kalmıkiya Respublikasının Əməkdar İncəsənət Xadimi” fəxri adına layiq görülüblər.  

Kalmıkiya Respublikasının Mədəniyyət nazirinin müavini Nikolay Sandjiyev beynəlxalq mədəni əlaqələrin möhkəmləmləndirilməsi sahəsində əldə olunmuş uğurlara görə teatrın aktyorları, Əməkdar Artistlər Almaz Mustafayeva, Qurban İsmayılov, aktyor İlham Əsədov və baş redaktor Səriyyə İsmayılovaya Fəxri fərmanlar təqdim edib.   

Elista şəhərinin Baş Adminstrasiyasının müavini Qalina Vaskina və şəhər adminstrasiyasının təhsil şöbəsinin müdiri İste Muşayev çıxış edərək təşəkkür məktublarını təqdim edib.  

Kalmıkiya Respublikasının Teatr Xadimləri İttifaqının nümayəndəsi Klara Yesinovna Kalmıkiya və Azərbaycan teatrları arasında mədəni və qarşılıqlı yaradıcılıq əlaqələrinin genişləndirilməsi sahəsindəki töhfələrinə görə teatrın rejissoru Gülnar Hacıyeva və aktyorlar Günel Məmmədova, Zülfiyyə Alhüseynova və Vüsal Mehrəliyevə fəxri fərmanlar təqdim ediblər.  

 Azərbaycan Respublikası üzrə Kalmıkiya Respublikasının hökümət başçısının mədəni və iqtisadi əlaqələr üzrə baş məsləhətçisi, “Kalmıkiya Respublikasında Azərbaycan konqresi” qeyri hökümət təşkilatının sədri Sabir Quliyev “hər bir işçiyə fərdi münasibəti, işdə sağlam atmosfer yaratmaq qabiliyyəti, ən mürəkkəb məsələlərin öhdəsindən layiqincə gəlmək və qarşısına qoyduğu məqsədə çatmaq bacarığına görə” teatrın baş redaktoru Səriyyə İsmayılovanı “Золотой руководитель” (“Qızıl rəhbər”) fəxri fərmanına layiq görüb.  S.Quliyev həmçinin teatrın rəhbərliyinə öz hədiyyələrini təqdim edib.  

Teatın  direktoru, Əməkdar Artist Mübariz Həmidov və teatrın baş rejissoru, Əməkdar İncəsənət Xadimi Bəhram Osmanov da öz hədiyyələrini teatrın rəhbərliyinə təqdim etmişlər.

Məlumat üçün bildirək ki, may ayının ortalarında Kalmık teatrı 3 günlük qastrol səfəri ilə teatrımızda çıxış edəcək.