Azərbaycanlı şagirdlər 4 medalla qayıtdılar

azerbaycanli-sagirdler-4-medalla-qayitdilar
Oxunma sayı: 1756

Hər il Nyu York Dövlət Universitetinin ev sahibliyi etdiyi və ştatın Osveqo şəhərində keçirilən “Genius” olimpiadası ABŞ-ın ən böyük elm sərgisi hesab olunur. Yarış iştirakçıları beş fərqli kateqoriya olmaqla, ekologiya və ətraf mühit problemlərinin həlli istiqamətində müxtəlif layihələrlə çıxış edirlər. 

“Qafqazinfo” xəbər verir ki, 2018-ci il üçün yarışmaya dünyanın 70 ölkəsindən ümumilikdə 1657 layihə ilə müraciət olunub, onlardan 729-u final mərhələsinə çıxa bilib. 729 layihənin içində özünə yer tutmağı bacaran və bununla da Azərbaycanın bu mötəbər yarışda təmsiletmə hüququnu qazananlar isə “Kaspi” Liseyinin şagirdləri olublar.

Sayca ən böyük heyətlə çıxış edən azərbaycanlı şagirdlər 4 komanda şəklində bölünüb və 3 müxtəlif kateqoriyada yarışıblar. 11-19 iyun tarixlərində keçirilən olimpiadada “İncəsənət” kateqoriyasında çıxış edən Fidan Kərimli qızıl medal, “Robototexnika” kateqoriyası üzrə Elmir Ələkbərli, Ənvər Mustafazadə və Yusif Pənahlı gümüş medal, “Elm” kateqoriyası üzrə Əzizağa Hüseynov, Fərdi Turan, Ramal Qasımov və Murad Hüseynov isə həvəsləndirici diplomla təltif olunublar. 

Məlumat üçün qeyd edək ki, yarış hər il, iki mərhələ əsasında keçirilir. Birinci mərhələ onlayn qaydada təşkil olunur: namizədlər hazırladıqları layihələri yarışın onlayn sisteminə daxil edirlər. Münsiflər heyətindən müsbət rəy alan layihələr növbəti mərhələyə iştirak hüququ əldə edirlər.  Sona qalmış finalçılar müəllifi olduqları layihə və prototipləri təqdim edərək medal və həvəsləndirici diplomlar əldə edirlər.

Olimpiadanın digər maraqlı tərəfi isə ondan ibarətdir ki, bu tədbir yalnız elmi layihələrin rəqabəti üzərində qurulmayıb. Belə ki,  yarışma boyu “Beynəlxalq mədəniyyət sərgisi” təşkil olunub. Bu sərgidə, hər komanda kimi, “Kaspi” Liseyinin də şagirdləri Azərbaycan mədəniyyətini nümayiş etdiriblər: onlar milli rəqs nümunəsi ilə çıxış edib, ölkəmiz üçün ayrılan Azərbaycan guşəsində milli mətbəximizin şirniyyatlarını, həmçinin milli ruhda olan suvenirləri sərgiləyiblər.