Azərbaycanlılar Ermənistanda hələ də birincidir

azerbaycanlilar-ermenistanda-hele-de-birincidir
Oxunma sayı: 4770

Azərbaycanın adı son zamanlar müxtəlif sahələrdə birincilikdə yer almaqdadır. Məsələn, son həftələrdə şahmatçımız Teymur Rəcəbov Dünya Kubokunda qələbə qazanaraq, yeniyetmə şahmatçımız Aydın Süleymanlı Hindistanda 14, 16 və 18 yaşlılar arasında dünya çempionatının qalibi olaraq ölkəmizə yeni sevinc yaşatmaqdaykən gənclərin populyar müğənniləri-həmyerlilərimiz Jony, HammAli, Navai, BahhTee, ELMAN  son trend qələbəni də əldə edərək Azərbaycan üçün əl çatmayan pillə olmadığını nümayiş etdirdilər. 

“Qafqazinfo”nun məlumatına görə, populyar, eləcə də  Rusiyada, MDB məkanında ən çox dinlənilən, YouTube-da ən çox baxış toplayan müğənnilərimiz repertuarlarındakı bir neçə mahnı ilə bu dəfə “Apple Music”in Ermənistan versiyasında TOP 100-lükdə birinci sıralarda yer alıblar.  

Əslində gənclərimiz bununla həm də sübut etdilər ki, yaşından, harda, hansı işlə məşğul olmalarından asılı olmayaraq Azərbaycanı sevib, ölkənin və xalqın adına layiq işlər görməklə ürəkləri fəth etmək və qələbələr əldə etmək mümkündür. Yetər ki, ölkəni də ürəkdən sevəsən və bu sevdiyin işin də kökündə yenə də dövlətinə və xalqına bağlılıq dura. 

Yeri gəlmişkən, Jony, HammAli, Navai, BahhTee və Elmanın da iştirakı ilə Heydər Əliyev Mərkəzinin parkında keçən son konsertlər də böyük izdihamla müşahidə olunmuşdu. Ən son belə izdiham isə Mərkəzin parkında Dövlət Müstəqilliyi Günü münasibətiylə keçən konsertdə yaşanmışdı.