“Azərbaycanlılarla ermənilər arasındakı iğtişaşlardan son dərəcə narahatam” - Rusiya Ombudsmanı

azerbaycanlilarla-ermeniler-arasindaki-igtisaslardan-son-derece-narahatam
Oxunma sayı: 1951

Rusiya Federasiyasının İnsan Hüquqları üzrə Müvəkkili Tatyana Moskalkova iki xalq arasında münaqişələrin həlli üçün müvafiq olaraq Azərbaycan və Ermənistan ombudsmanları Səbinə Əliyeva və Arman Tatoyanla qarşılıqlı fəaliyyət göstərməyə hazırdır. “Qafqazinfo” “RİA Novosti”yə istinadən bildirir ki, bu barədə Rusiya müvəkkilinin mətbuat xidməti məlumat verib.

“24 iyul 2020-ci il tarixində kütləvi informasiya vasitələrinin monitorinqindən məlum olan Azərbaycan və erməni xalqlarının nümayəndələri arasında Moskva şəhərində başlanmış iğtişaşlardan son dərəcə narahatam”, - məlumatda deyilir.

M. Moskalkova qeyd edib ki, etnik mənsubiyyət zəminində nifrət və fiziki zorakılığın qızışdırılması “istənilən sivil cəmiyyətdə yolverilməzdir, insan və vətəndaş hüquqlarının və azadlıqlarının beynəlxalq universal və regional aktlarında təsbit olunmuş əsaslarının əsasını zəiflədir və onların kütləvi pozuntularına və əvəzedilməz itkilərə səbəb ola bilər”.

“Bütün münaqişə iştirakçılarını mövcud hüquqi mexanizmlər çərçivəsində ortaya çıxan mübahisələrin həllinə çağırıram, habelə həmvətənlərinin hüquq və azadlıqlarının müdafiəsi üçün dərhal tədbirlər görməyə hazır olan Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili S. Əliyeva və Ermənistan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili A. Tatoyan ilə qarşılıqlı fəaliyyətə hazıram”, - Ombudsman əlavə edib.