Bu ildən etibarən Azercell ölkənin ali təhsil müəssisələrində yaradılmış “SABAH” qrupları ilə əməkdaşlığa başlayıb. Layihə çərçivəsində qrupa daxil olan istedadlı tələbələrin Azercell-in aparıcı mütəxəssisləri ilə görüşləri təşkil edilir. Belə görüşlərdən biri də bu günlərdə Azərbaycan Dövlət İqtisad Universitetində keçirilib.
Görüşün əvvəlində Azercell-in İşə Qəbul üzrə rəhbəri Aytən Fərzəliyeva tələbələrin inkişafı üçün şirkətdə yaradılan imkanlardan söz açdı. Onun sözlərinə görə, Azercell-in Tələbə Proqramı çərçivəsində hər il Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan qabiliyyətli gənclərimiz Azercell-dən xüsusi təqaüd və şirkətin müxtəlif şöbələrində təcrübə keçmək imkanı qazanırlar. Eyni zamanda, Azercell “SABAH” tələbələri üçün yay təcrübə proqramı təklif edir. Bu layihədə yer alan 5 nəfər tələbə yay təcrübə proqramına cəlb edilərək, şirkətin Maliyyə, Texnologiyalar, Marketinq ünsiyyət vasitələri və Strateji partnyorluq və müştəri kanalları departamentlərində təcrübə keçmək imkanı əldə edəcəklər.
Daha sonra universitetin maliyyə və beynəlxalq münasibətlər fakültələrinin tələbələri qarşısında Azercell-in biznesin təhlili şöbəsinin rəhbəri Azad Hüseynov çıxış edib. BDU məzunu olan Azad sonradan təhsilini İsveçdə KTH universiteti və ABŞ-nın Stenford Universitetində davam etdirib. Azercell-də ilk olaraq telefon mərkəzində işə başlayıb, 9 aydan sonra müştərilərlə əlaqələr departamentinin hesabatlar qrupuna keçib. 9 ildir sırf təhlil ilə məşğuldur.
Azad Hüseynov tələbələrə uğurlu iqtisadiyyatın əsasını təşkil edən biznes təhlilinin əhəmiyyəti və onun daha düzgün qurulması haqqında məlumat verib. İlk öncə, ümumiyyətlə, bu işin nədən ibarət olması haqqında təsəvvür yaratmağa çalışıb: “Biz bəzən özümüzü “falçı” adlandırırıq. Çünki, sırf hesablamalar nəticəsində biznes üçün önəm daşıyan bir çox suallara cavab veririk. Məsələn, hər gün bizdən “dünən niyə SMS-lərin sayı artıb, niyə internetin həcmi azalıb” və s. suallara cavab istənilir. Bu zaman “mən belə düşünürəm”, “hiss edirəm” kimi fikirlər qəbul edilmir. Mütləq səbəbi izah edən faktlar təqdim olunmalıdır”.
İnteraktiv mühazirə zamanı qeyd olundu ki, biznesin təhlili əsasən 3 mərhələdən ibarətdir. Birinci Analytics 1.0 mərhələsi “descriptive” (təsvir, izah etmək) adlandırılır. Burada hər bir təşkilatda mövcud olan hesabatlar, bilgilər işlənilir, müəyyən nəticələr çıxarılır və təqdim olunur. Yəni, bu səviyyədə intuisiyadan real faktlara keçib, hədəfləri müəyyənləşdirmək lazım gəlir: “Bu, hər bir şirkət üçün çox önəmlidir. Adi bir marketdə işləyirsinizsə, hesabatlara əsasən əvvəlcədən hansı məhsulun daha çox satılacağını, hansı məhsula tələbatın çoxalacağını bilmək olar”. Azercell-ə gəlincə, bu səviyyədə abunəçilər haqqında əsas məlumatlar, onlardan hər birinin bölgələr üzrə paylaşması, gətirdiyi gəlir, hanı telefon işlətməsi və s. kimi məlumatlar toplanılır.
Biznes təhlilinin ikinci mərhələsi – Analytics 2.0-da artıq proqnozlar verilir. Məhz bu xüsusiyyətinə görə ikinci səviyyəni “Predictive statistika” modeli də adlandırırlar. Çünki, burada həm bilgi almaq, həm də proqnoz vermək olar. Bunun üçün daha çox BigData (verilənlər bazası) toplanılır və müştəriyə nəsə təklif edilir. Bunu sosial şəbəkələrdə də görmək olur. Məsələn, hansısa şəbəkədə “siz bu adamı tanıya bilərsiniz” qeydi ilə sistem özü sənə kimlərinsə dostluğunu təklif edir. Demək ki, müəyyən məlumatlar əsasında analiz aparılaraq belə nəticəyə gəlinib. Azad Hüseynovun sözlərinə görə, məhz bu səviyyədən sonra dünyada “data scientists” adlanan peşə sahiblərinə ehtiyac yaranıb.
Proqnozlarla bağlı real misal çəkən A.Hüseynov bildirir ki, ötən il Novruz bayramı ərəfəsində Azercelll-də həftə sonları interneti pulsuz elan edilmişdi: “Biz sistemin necə davam gətirəcəyini, işlədiləcək trafiki təxmini hesablamaq istəyirdik. Bunun üçün araşdırma aparıldı. Əvvəlcə, Azercell abunəçiləri arasında internet istifadəçilərinin sayı dəqiqləşdirildi. Daha sonra onlar arasında son 6 ay ərzində SMS göndərənlər, 1 MB-dan çox internetdən istifadə edənlər, limitsiz internet paketi olanlar müəyyənləşdirildi. Bütün bunlardan sonra kimlərin həmin paketdən istifadə edəcəyi və sistemin nə dərəcədə davam gətirəcəyi haqqında proqnoz hazırlandı”.
Və nəhayət, biznes təhlilinin sonuncu Analytics 3.0 səviyyəsində artıq qərar verilir. Prescribe mərhələsində artıq tam müxtəlif bilgi növləri – yaş, cins, qazanc, müştərinin əhatəsi, istəkləri, planlar, axtarış nəticələri və s kimi məlumatlardan istifadə olunur və konkret nəticəyə gəlinir. Bu da çox vaxt şirkətlərə müəyyən gəlir əldə etməyə imkan yaradır. Məsələn, ildə 17 milyon bağlama daşıyan UPS kuryer şirkəti öz işçiləri üçün konkret marşrutlar müəyyən edib və bunun hesabına kuryerlərin yolu minlərlə km azalıb və nəticədə qənaət edilir.
Ekspertin sözlərinə görə, ümumiyyətlə, biznes təhlili mobil operatorlara bir çox düzgün qərarlar verməyə kömək edir. Məsələn, hansı növ smartfonlar üçün hansı tarif paketləri hazırlamaq, SMS, yoxsa internet trafikini çoxaltmaq və s.
A.Hüseynov məlumatları daha rahat göstərmək üçün lazım olan alətlərdən də danışdı. Onun sözlərinə görə, informasiyanın vizuallaşmasını Excel, Tableau, Clickview SAS, R kimi proqramlarda işləmək daha məqbuldur. Əks halda, uzun illər boyunca toplanan bir çox analitik göstəricilər qarışıq formada təqdim olunar və işə yaramaz.
Görüş boyunca Azad Hüseynov tələbələrə darıxmağa imkan vermir, ara-sıra özünün Azercell-də üzləşdiyi bir çox kazuslarla bağlı onların da fikirlərini öyrənirdi. Məsələn, artıq neçə illərdir ki, yayda bir ay müddətində mobil internetdən istifadə pik həddinə çatır. Bunun səbəblərini araşdırarkən məlum olub ki, bu canlanma gecə saat 4-dən axşama kimi davam edir. Tələbələr doğru olaraq bunun Ramazan ayı ilə bağlı olduğunu təxmin etdilər. Doğrudan da analizlər nəticəsində bəlli olub ki, bu, Ramazanla əlaqəlidir və insanlar vaxt keçirmək üçün internetdən istifadə edirlərmiş. Orucluq bitən kimi internet öz normal durumuna qayıdır. Biznes təhlili sayəsində bunun səbəbini müəyyənləşdirmək və növbəti illərə proqnozlar qurmaq mümkün olub.
Görüşün sonunda Azercell mütəxəssisi SABAH qrupu üzvlərinə biznes planın yazılmasının əsaslarından da bəhs edib. Qeyd olunub ki, biznes plan 8 mərhələdən: xülasə, məhsulun ideyası, layihəyə rəhbərlik edəcək şəxs, marketinq, biznes sistemi icra planı, risklər və maliyyələşdirmə bölmələrdən ibarət olur. Biznes planı ən tez 15 günə, ən çox bir neçə aya yazmaq olar. Lakin istənilən halda bu proqramda xətalar olur. Çünki biznes planda növbəti 5 ilin təsviri verilməlidir. Bunu isə dəqiq vermək mümkün deyil. A.Hüseynov onu da bildirdi ki, biznes plan yazılarkən mütləq məxfilik qorunmalıdır.
Görüşün sonunda tələbələrin suallarını cavablandıran Azad Hüseynov onlardan tövsiyələrini də əsirgəmədi. Tələbələrin hamısına Excel 2013 proqramında işləməyi, daha inadkar olmağı, hər bir məlumatı dəfələrlə analiz etməyi məsləhət gördü. A.Hüseynov bu görüşdən sonra SABAH qrupu üzvləri arasında data scientist peşəsinə maraq artacağına ümid etdiyini bildirdi.