“Azercell”dən koronavirusla mübarizəyə dəstək üçün yeni xidmət

azercellden-koronavirusla-mubarizeye-destek-ucun-yeni-xidmet
Oxunma sayı: 2794

“Azercell Telekom” mövcud gərgin qlobal vəziyyətdə milli iqtisadiyyatı və koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərini dəstəkləmək üçün yeni vasitələr təklif edir. “Qafqazinfo” xəbər verir ki, 24 Mart 2020 tarixindən etibarən Azercell istifadəçiləri “Mobil Ödəmə” xidməti vasitəsilə Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmək imkanı qazanıblar. 

Abunəçilər həm iOS, həm də Android əməliyyat sistemlərində çalışan çoxfunksional “Kabinetim” tətbiqində “Mobil Ödəmə” bölməsinə daxil olaraq heç bir əlavə komissiya hesablanmadan istədikləri məbləği daxil etməklə nömrə balansından ödəniş edəcəklər. “Mobil Ödəmə” Xidməti vasitəsilə toplanmış məbləğ gündə bir dəfə Koronavirusla Mübarizəyə Dəstək Fondunun bank hesabına köçürüləcək.

Xidmət Azercell, Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) və PAŞA Bank-ın tərəfdaşlığı ilə həyata keçirilib.

Qeyd edək ki, “Azercell Telekom” MMC sosial məsuliyyət təşəbbüsləri çərçivəsində Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 19 mart tarixli Fərmanı əsasında ölkəmizdə bu xəstəliyin yayılmasının qarşısını almaq və onunla mübarizə istiqamətində həyata keçirilən tədbirlərə maliyyə dəstəyini təmin etmək üçün yaradılan Koronavirusla Mübarizəyə Dəstək Fonduna 2 milyon manat vəsait ayırıb. Şirkət həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin "Qaynar xətt"inə (1542) pulsuz zəngləri təmin edən ilk mobil operator olmaqla yanaşı, hazırda Azərbaycanla nəqliyyat əlaqələri məhdudlaşdırılmış ölkələrdə olan və rominq xidmətindən istifadə edən abunəçilərin balansına 50 AZN məbləğində pul vəsaiti də yükləyib. Bundan əlavə, “Regional İnkişaf” İctimai Birliyi (RİİB) ilə birlikdə 5728 aztəminatlı ailəyə bayram sovqatı verilib. Bu layihə insanların sosial rifahını yaxşılaşdırmaqla yanaşı, dövlətin koronavirus infeksiyanın yayılmasının qarşısının alınması və onunla mübarizə sahəsində sosial izolyasiya tədbirlərinə dəstək məqsədi daşıyıb.