“Azəriqaz” media qurumlarını mükafatlandırdı - Foto

“Azəriqaz” media qurumlarını mükafatlandırdı
Oxunma sayı: 1170

“2021-ci il ərzində bizim media ilə birgə fəaliyyətimiz uğurlu nəticələrə gətirib çıxarıb. Fərqi yoxdur bizimlə hansı formada çalışıblar, ya bizi tənqidi formada işıqlandırıblar və yaxud da bizim işlərimizi piyar kimi özləri nümayiş etdirib. Bizim üçün bu fərq etmir, önəmi ondan ibarətdir ki, medianın bu gün “Azəriqaz” İstehsalat Birliyinə marağı var və Birlikdə baş verən hadisələri onlar ictimailəşdirirlər”.

“Qafqazinfo” xəbər verir ki, bu sözləri “Azəriqaz” İstehsalat Birliyinin baş direktoru Ruslan Əliyev Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramı öncəsi media nümayəndələri ilə görüşü zamanı bildirib.

Baş direktor ən böyük zəhmətin mətbuat nümayəndələrinin üzərinə düşdüyünü vurğulayıb. Ruslan Əliyev “Azəriqaz” İB tərəfindən də KİV nümayəndələri üçün xəbər əlçatanlılığını təmin etməyi də daim diqqət mərkəzində saxladığını qeyd edib.

Daha sonra “Azəriqaz” İstehsalat Birliyinin fəaliyyətinin geniş auditoriyaya çatdırılması, işıqlandırılması istiqamətində gördüyü işlərə görə bir sıra media qurumları birlik rəhbəri tərəfindən diplom və hədiyyə ilə mükafatlandırılıb.

Ruslan Əliyev şərəfli peşənin nümayəndələrinə işlərində yaradıcılıq uğurları arzulayıb. Baş direktor qaz təchizatı ilə bağlı yarana biləcək sualların birbaşa Birlik rəhbərliyi tərəfindən cavablandırılması üçün bütün şəraitin yaradıldığını qeyd edərək KİV nümayəndələrini keçirilən görüşlərdə aktiv iştirak etməyə çağırıb.