“Azəriqaz” payız-qış mövsümünə hazırlığına davam edir

azeriqaz-payiz-qis-movsumune-hazirligina-davam-edir
Oxunma sayı: 738

2020-2021-ci illərin payız-qış mövsümündə istehlakçıların dayanıqlı, fasiləsiz təbii qaz təchizatının təmin edilməsi məqsədi ilə “Azəriqaz” İstehsalat Birliyi tədbirlər proqramının icrasını davam etdirir.

“Qafqazinfo” xəbər verir ki, əsas diqqət qaz təchizatının yaxşılaşdırılması, bölgələrin qazlaşdırılması, qaz kəmərlərinin və avadanlıqların yenidən qurulması istiqamətində genişmiqyaslı işlərin davam etdirilməsinə yönəldilib. Belə ki, tərtib edilmiş tədbirlər proqramına uyğun olaraq ilk növbədə kənd və qəsəbələrin daşıyıcı qaz kəmərlərinin yenidən qurulması, kəmərlər üzərində quraşdırılmış istismar müddəti bitmiş avadanlıqların yeniləri ilə əvəz edilməsi həyata keçirilir. Sonrakı mərhələdə isə mövcud qaz paylayıcı şəbəkələrin, küçə və dalanların qaz xətlərinin yenilənməsi işləri görülür. Respublika ərazisində, o cümlədən Bakı şəhəri, ətraf qəsəbə və kəndlərdə 2020-ci ilin 6 ayı ərzində 584 km müxtəlif diametrli yeni qaz kəmərləri çəkilib, 264,4 km qaz kəmərləri əsaslı təmir edilib. Bundan əlavə, Bakı Regional qaz istismarı Departamenti, rayon qaz istismarı idarələri və Sumqayıt Qaz istismarı Sahəsi üzrə 2020-ci ilin yanvar-iyun ayları ərzində 215,32 km uzunluğunda (o cümlədən 193,44 km metal boru, 21,88 km polietilen boru) müxtəlif diametrli qaz xətləri təmir edilərək yenisi ilə əvəz edilib.

Qeyd edək ki, ilin sonunadək payız-qış mövsümünə hazırlıqla bağlı bütün tədbirlərin qüsursuz görülməsi üçün Birliyin rəhbərliyi tərəfindən ciddi tapşırıqlar var və proses şəxsən Baş direktorun nəzarətində saxlanılır.