“Azərişıq” yenilik etdi

azerisiq-yenilik-etdi
Oxunma sayı: 6375

“Azərişıq” ASC-nin smart kart sayğacı olan abunəçiləri evdən çıxmadan kart balansını artıra biləcək. 

“Qafqazinfo”nun məlumatına görə, bu istiqamətdə işlər yekunlaşıb, bütün texniki məsələlər həll edilib. 

Ölkənin kommunal sektorunda ilk dəfə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti belə bir innovativ və günün tələblərinə uyğun yeniliyə imza atıb.

“Azərişıq” mobil əlavəsi istifadəçiləri smart kart balanslarını evdən çıxmadan smartfonları vasitəsiylə artıra biləcəklər. Mobil uyğulamanı Play marketlərdən rahatlıqla əldə edə bilərsiniz.

Bütün dünyada olduğu kimi, ölkəmizdə də COVID-19 virusunun yayılmasının qarşısının alınması tədbirləri həyata keçirildiyi bir dövrdə abonentlərimizin evdən çıxmadan bir sıra əməliyyatları “Azərişıq” ASC-nin rəsmi saytı və ya xüsusi mobil əlavələr vasitəsilə həyata keçirməsi təmin edilib. 

Cari ilin yanvar-fevral ayında, bu istiqamətdə işlərə start verilib və bu sahədə kifayət qədər səriştəsi olan yerli və xarici şirkətlərlə işgüzar danışıqlara başlanıb. Və yerli “Mekaba-Soft” şirkəti ilə əməkdaşlıq müsbət nəticə verib.

Bu tipli layihələr texnoloji imkanlardan daha çox sosial xarakter daşıdığından hazırki karantin dövründə əhalinin ümumi təyinatlı terminallar, nağd ödəniş vasitələri və s. daha az təmasda olması vacib şərtlərdəndir. Məhz bu səbəbdən, hər iki tərəf mütəxəssisləri qısa müddət ərzində mobil telefonla smart-kart balansının artırılmasının, belə deyək - fərdiləşdirilmiş imkanını işləyərək hazırlayıb.

Layihənin prioritet şərtlərindən biri də cihazın və mobil tətbiqin abonentlər tərəfindən istifadə sadəliyi və asanlığı idi ki, buna da nail olunub. 

İlkin mərhələdə istifadəçi smartfona qoşulan kart oxuyucunu əldə etməlidir ki, smart kartının balansını evdən çıxmadan artıra bilsin. İstifadəsi cox rahat olmaqla yanaşı heç bir əlavə proqram açmadan kart oxuyucu smartfona qoşulur, “Azərişıq” mobil tətbiqi açılır və smart kart oxuyucuya daxil edilərək menyudakı “OXU”  düyməsi sıxılaraq kart məlumatları oxunur, daha sonra altdakı səkmədən məbləğ daxil edilir və “ÖDƏ” düyməsi sıxılır. Açılan pəncərədə ödəniş kartı məlumatları daxil edilir və “OK”  düyməsi sıxılır. 

Bir neçə saniyə ərzində ödənilən məbləğ smart karta yazılır. Smart kartınızı sayğaça daxil etməklə balansınızı artırmış olursunuz.

Artıq evdən çıxmadan istənilən vaxt kart balansınızı rahatlıqla artıra bilərsiniz.