“Azərsu” 5 kənddə içməli su layihəsinin icrasına başlayıb - Foto

“Azərsu” 5 kənddə içməli su layihəsinin icrasına başlayıb
Oxunma sayı: 923

“Azərsu” Açıq Səhmdar Cəmiyyəti tərəfindən dövlət investisiya layihəsi çərçivəsində Şamaxı və Ağsu rayonlarının 5 kəndində içməli su layihələrinin icrasına başlanılıb.

“Qafqazinfo” xəbər verir ki, Şamaxı rayonunda icra olunan layihə Bağırlı, Ovçulu və Çöl Göylər, Ağsu rayonunda isə Qəşəd və Ləngəbiz kəndlərini əhatə edir. Bu kəndlərdə içməli su şəbəkəsi mövcud olmayıb və əhali suya olan tələbatını uzaq məsafələrdən daşıyaraq ödəyir. Xüsusilə yay aylarında kəndlərin su təminatında çətinliklər yaranır.

Kəndləri içməli su ilə təmin etmək üçün mənbə olaraq Oğuz-Qəbələ-Bakı su kəməri seçilib. Su kəmərindən götürülən suyun kəndlərə nəqli məqsədilə ümumi uzunluğu 9,5 km olan magistral su xəttinin inşası nəzərdə tutulur. Magistral su kəməri üzərində 6 vantuz və 3 təzyiqırıcı quraşdırılacaq. Bağırlı, Ovçulu, Çöl Göylər və Qəşəd kəndlərində hər birinin tutumu 50 kubmetr olan su anbarları tikiləcək, Ləngəbiz kəndindəki mövcud su anbarı isə əsaslı təmir olunacaq. Şamaxı və Ağsu rayonlarının kəndlərində ümumi uzunluğu 40,3 km olan su xətləri çəkiləcək, əhalinin ümumi istifadəsi üçün 258 bulaq quraşdırılacaq.

İndiyədək Şamaxı və Ağsu rayonlarının kəndlərində 10 km su xəttinin tikintisi yekunlaşıb. Hazırda anbarların və su xətlərinin tikintisi davam etdirilir. Yaxın vaxtlarda bulaqların quraşdırılmasına başlanılacaq. Tikinti-quraşdırma işlərinin yay aylarında başa çatdırılması nəzərdə tutulur.

Layihənin icrası tam başa çatdıqdan sonra Şamaxı rayonunun Bağırlı, Ovçulu və Çöl Göylər, Ağsu rayonunun Qəşəd və Ləngəbiz kəndlərinin 6 mindən çox sakini keyfiyyətli içməli su ilə təmin ediləcək.

Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan layihə ölkə rəhbərinin əhalinin sosial rifahının yaxşılaşmasına göstərdiyi diqqətin bariz nümunəsidir. 





Daha tez məlumatlanmaq üçün yeni Facebook səhifəmizi