“Azərsu” əməkdaşlarına Ağdam və Füzulidə fiziki təzyiq olunub

azersu-emekdaslarina-agdam-ve-fuzulide-fiziki-tezyiq-olunub
Oxunma sayı: 3207

Ağdam və Füzuli rayonlarında “Azərsu” ASC-nin əməkdaşları xidməti vəzifələrini yerinə yetirərkən təhqir və fiziki təzyiqlə üzləşiblər.

Bu barədə “Qafqazinfo”ya “Azərsu” ASC-dən məlumat verilib. Bildirilib ki, Ağdam rayonu Quzanlı qəsəbəsində ayrı-ayrı təsərrüfatlarda yaşayan Zaur Quliyevin 340 manat, Zamin Quliyevin 488 manat 45 qəpik, İlqar Quliyevin 351 manat borcu, Qaytaran Quliyevin adına olan abonent kodu üzrə isə 415 manat 90 qəpik debitor borc yaranıb. Həmin abonentlərlə dəfələrlə fərdi söhbətlər aparılıb və ödəniş olunmasının vacibliyi diqqətlərinə çatdırılsa da, buna əhəmiyyət verməyərək ödəniş etməyiblər:

“Ağdam Sukanal Sahəsinin mühəndisi Etiqad Səmədli borc ödənilməyəcəyi təqdirdə suyun kəsiləcəyi ilə bağlı sonuncu dəfə bildiriş təqdim edərkən həmin abonentlər tərəfindən fiziki təzyiqlərə məruz qalıb. Füzuli rayonunun Horadiz şəhərində isə yerli sukanal idarəsinin əməkdaşı Nəbi Abbasov xidməti vəzifəsini yerinə yetirərkən abonent Cavid Xalyəddinovun ağır təhqirlərinə məruz qalıb. Horadiz şəhər sakini C.Xalyəddinov 303 manat borcunu ödəməkdən imtina edib və onunla aparılan maarifləndirici söhbət xoşagəlməz sonluqla nəticələnib. Hər iki faktın araşdırılması üçün hüquq-mühafizə orqanlarına müraciət olunub”.

Məlumatda, həmçinin qeyd olunub ki, bildiriş təqdim edən əməkdaşlar xidməti vəzifələrini yerinə yetirir və onlara qarşı hər hansı təhqir və təzyiq yolverilməzdir. Belə hallar baş verərsə, qurum tərəfindən hüquq-mühafizə orqanlarına müraciət olunacaq.

“Azərsu” ASC-dən abonentlərin diqqətinə çatdırılıb ki, yaranmış debitor borcların hissəli ödənişinə də şərait yaradılır. Bunun üçün abonent yerli sukanal idarəsi və ya sahəsinə müraciət edərək razılaşma protokolunu imzalamalı, daha sonra götürdüyü öhdəliyə uyğun olaraq borcunu hissə-hissə ödəyə bilər.