“Azərsu” su verilişi rejimlərinə dəyişiklik edib

azersu-su-verilisi-rejimlerine-deyisiklik-edib
Oxunma sayı: 658

Səhmdar Cəmiyyətin Operativ idarəetmə şöbəsinin məlumatına görə, Səbail rayonunun Badamdar qəsəbəsi və “20-ci Sahə” ərazisində əhaliyə əvvəllər günaşırı su verilirdisə, indi istehlakçılar hər gün qrafiklə su ilə təmin olunur. “Azərsu” ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən “Qafqazinfo”ya bildirilib ki, Yasamal və Nəsimi rayonlarındakı abunəçilərin 85 faizindən çoxunun mənzilinə daimi su verilir. Halbuki bu göstərici indiyə qədər 60 faizə yaxın idi. Yeni rejimə keçiddən sonra Nərimanov rayonunda daimi su alanların xüsusi çəkisi 75 faizi keçib. Nizami rayonunun Q. Qarayev prospekti və Çobanzadə küçəsində yaşayan abunəçilərin də su təchizatının rejim qrafikinə artım edilib. Bunlarla yanaşı, Bakıxanov və Hövsan qəsəbələrinə verilən suyun həcmi xeyli artırılıb. Əgər əvvəllər Bakıxanov qəsəbəsinə sutka ərzində cəmi 4-5 saat su verilirdisə, artıq bu müddət 10-12 saat təşkil edir. Amma Hövsan qəsəbəsində yeni yaşayış massivləri salınarkən mühəndis-kommunikasiyaların mövcudluğu və gücü nəzərə alınmayıb, “Azərsu” ASC ilə müvafiq razılaşmalar aparılmayıb. Buna görə həmin ərazilərdə paylayıcı şəbəkə yaradılmayıb və bu gün burda yaşayanların içməli su təminatında müəyyən problemlər var. Problem 2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının icrası müddətində köklü şəkildə həll olunacaq.

Qaradağ rayonunun Lökbatan qəsəbəsini içməli su ilə təmin edən magistral kəmərin yenidənqurulmasından sonra bu qəsəbənin sakinlərinin su təminatı da əhəmiyyətli dərəcədə yaxşılaşıb. İndi qəsəbədəki istehlakçıların 80 faizindən çoxu fasiləsiz su alır.
Binəqədi, Sabunçu qəsəbələrinin su təchizatının yaxşılaşdırılması istiqamətində də əməli tədbirlərə başlanıb. Qəbul olunmuş təxirəsalınmaz tədbirlər proqramına uyğun olaraq adıçəkilən qəsəbələrin su təchizatında uzunmüddətli fasilələr aradan qaldırılacaq. Burada yaşayanlar müsbət dəyişiklikləri bu yay hiss edəcəklər.

Nigar Məmmədli