“Azərsu” sudan qanunsuz istifadə halları aşkarladı - Video

azersu-sudan-qanunsuz-istifade-hallari-askarladi
Oxunma sayı: 2122

“Azərsu” su itkilərinin və israfçılığın qarşısının alınması məqsədilə aparılan araşdırmalar nəticəsində Sabunçu rayonunda içməli sudan uçotsuz və sayğacdankənar istifadə halları aşkar edib.

“Qafqazinfo” xəbər verir ki, araşdırmalar zamanı Sabunçu qəsəbəsi Elşən Mehdiyev küçəsində yerləşən daş sexində suyun talanması faktı aşkar edilib.

Su sayğacı olmasına baxmayaraq, obyektin tələbatının böyük hissəsi 20 mm diametrli boru ilə sayğacdankənar çəkilmiş xətt hesabına təmin olunub. Rayon sukanal idarəsinin əməkdaşları qanunvericiliyin tələblərinə uyğun olaraq dəymiş ziyan aktı tərtib edərək həmin xətti ləğv edib.

Maştağa qəsəbəsində yerləşən “Görüş” şadlıq evi sahibinin sudan qanunsuz istifadə etdiyi məlum olub. Bu obyektdə də sayğacdan kənar xətt aşkarlanıb. Su sayğacı olmasına baxmayaraq, yaxınlıqdan keçən su xəttinə obyekt sahibi tərəfindən özbaşına müdaxilə edilərək, 20 mm diametrli boru ilə şadlıq evinə su xətti çəkilib. Əraziyə qəza-bərpa xidməti cəlb edilərək qanunsuz çəkilən xətlər ləğv olunub.

Ləhiş bağları adlanan ərazidəki istixanada isə “Azərsu” ASC-dən texniki şərt alınmadan və müqavilə bağlanmadan sudan qeyri-qanuni istifadə edildiyi müəyyən olunub. İstixanaya yaxın ərazidə olan su anbarından 50 mm diametrli boru vasitəsilə su götürüldüyü aşkar edilib. Aşkarlanmış qeyri-qanuni su xətti qəza-bərpa xidməti əməkdaşları tərəfindən ləğv edilib.