“Qafqazinfo” xəbər verir ki, “Azərsu” ASC-nin mətbuat xidmətinin məlumatında belə deyilir. Qurumun yaydığı açıqlamaya görə, bir sıra mətbuat orqanları Səhiyyə Nazirliyinin yaydığı məlumatın birinci abzasında göstərilənlərdən çıxış edərək Binəqədi, Nizami, Qaradağ rayonlarına verilən içməli suyun çirkli olması barədə məlumatlar yayımlayıblar:
“Halbuki rəsmi məlumatın birinci hissəsində adıçəkilən rayonlarda ərazinin sanitariya qaydalarına və normalarına uyğun olaraq təmizlənməsi, məişət tulantılarının müvəqqəti saxlanılması, müntəzəm daşınması və zərərsizləşdirilməsi məsələsindən bəhs olunmuşdur və bunun istehlakçılara verilən içməli suyun keyfiyyəti ilə bağlılığı yoxdur. Maraqlıdır ki, bəzi mətbuat orqanlarında nazirliyin məlumatı olduğu kimi yerləşdirilsə də mətnlərin başlıqları kontekstdən çıxarılaraq verilmiş, bilavasitə içməli suyun çirkli olması məsələsi ilə əlaqələndirilmişdir”.
“Azərsu” Açıq Səhmdar Cəmiyyəti bəyan edir ki, bu cür məlumatlar reallığı əks etdirmir. Hazırda Bakı şəhərində və regionlarda istehlakçılara verilən içməli suyun keyfiyyətinə ciddi nəzarət olunur. Su mənbələrindən, magistral xətlərdən, anbarlardan, təhsil, səhiyyə, iaşə və digər obyektlərdən götürülən su nümunələri mütəmadi yoxlanılır.
Son xəbərlər
Son Xəbərlər