“Azərsu”dan təlimat

azersudan-telimat
Oxunma sayı: 836

“Azərsu” ASC-nin Mətbuat xidmətindən “Qafqazinfo”ya verilən məlumata görə yeni təlimat sudan səmərəli istifadə edilməsi və su itkisinin qarşısının alınması, su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən qanunsuz istifadə edən istehlakçıların aşkarlanması, “Azərsu” ASC-yə dəymiş ziyanın hesablanması və ödənilməsi qaydalarını tənzimləyir. Yeni təlimata əsasən xidmətlərdən qanusuz istifadə aşkar edildikdə “Azərsu” ASC-nin əməkdaşları tərəfindən qanunsuz istifadəçinin nümayəndələrinin iştirakı ilə akt tərtib edilir və dərhal onun su təchizatı dayandırılır. İçməli su və kanalizasiya xidmətlərindən qanunsuz istifadə halları dedikdə “Su təchizatı və tullantı sularının axıdılması üzrə” müqavilə olmadan bu xidmətlərdən istifadə etmə, sayğacdan kənar əlavə su xəttinin çəkilməsi, əhali qrupuna aid istehlakçılara verilən suyun kommersiya obyektlərində istifadəsi, sayğaca , həmçinin sayğacın plombuna müdaxiləsi nəzərdə tutulur. Yazılmış akta uyğun olaraq istehlakçının fəaliyyət növünün hansı iş rejiminə uyğun olması, ona göstərilən xidmət növü nəzərə alınmaqla Səhmdar Cəmiyyətə dəymiş ziyan hesablanır, müvafiq ödəniş sənədi və müqavilə qanunsuz istehlakçıya təqdim edilir. Bildirişdə 5 iş günü müddətində dəymiş ziyanın ödənilməsi tələb edilir. Dəymiş ziyanı tam ödəməyənə qədər qanunsuz istifadəçinin su təchizatı bərpa olunmayacaq. Qeyri-əhali qrupuna aid istehlakçıların xidmətlərdən qanunsuz istifadəsi nəticəsində “Azərsu” ASC-yə dəymiş ziyanın məbləği təlimata əlavə olunmuş cədvəl əsasında hesablanır. Bu əhali qrupu üçün dəymiş ziyan maksimum 3 illik hesablana bilər. Sayğaca və yaxud sayğacın plombuna müdaxilə aşkar edilərsə, o zaman sayğaca sonuncu baxışdan sonra ötən müddət üçün dəymiş ziyan hesablanır. Əhali qrupuna aid istehlakçının xidmətlərdən qanunsuz istifadəsi aşkar edildikdə ilk növbədə həmin mənzildə yaşayanların sayı və qanunsuz istifadənin hansı vaxtdan mövcud olduğu aydınlaşdırlır. Əgər həmin mənzildə yaşayanların dəqiq sayını aydınlaşdırmaq mümkün olmazsa, evdə qeydiyyatda olanların sayı Azərbaycan Respublikası üzrə orta statistik ev təsərrüfatı üzvlərinin sayına uyğun olaraq 4 nəfər götürülür və 1 nəfər üçün normaya uyğun olaraq aylıq sərfiyyat 5 kubmetr hesablanır. Əgər qanunsuz istifadənin hansı vaxtdan mövcud olduğunu dəqiqləşdirmək mümkün olmazsa və yaxud həmin müddət 1 fevral 2011-ci ildən əvvələ aid olarsa, qanunsuz istifadə elə həmin tarixdən ötən müddət üçün sənədləşdiriləcək.

Qeyd edək ki, bu təlimat “Su təchizatı və tullantı suları haqqında” qanuna, qüvvədə olan digər qanunvericilik aktları və “Azərsu” ASC-nin daxili normativ sənədlərinə əsasən hazırlanıb.