“AzInTelecom”un təcrübə proqramında 30-dək gənc real iş bacarıqları əldə edir

azintelecomun-tecrube-proqraminda-30-dek-genc-real-is-bacariqlari-elde-edir
Oxunma sayı: 1074

“AzInTelecom” MMC-nin 2022-ci il yay təcrübə proqramında 30-dək gənc nəzəri biliklər və real iş bacarıqları qazanır.

“Qafqazinfo” xəbər verir ki, proqram çərçivəsində iştirakçılara silsilə təlimlər keçirilir, “ISO 27001” informasiya təhlükəsizliyi standartının iş mühitində tətbiqi”, “Kibertəhdidlər və risk önləmə metodologiyaları” mövzularında mühazirələr deyilir. Təlimçilər gənclərlə öz ixtisasları üzrə təcrübələrini bölüşür, onlara karyera seçimində diqqət etməli olduqları məqamlar və kommunikasiyanın artırılması barədə məsləhətlər verirlər.

Proqram iştirakçıları “AzInTelecom” MMC-nin Rəqəmsal həllər, Hüquq və sənədlərə nəzarət, İnsan kapitalının idarə olunması, İnformasiya texnologiyaları, Keyfiyyətə nəzarət, Maliyyə, Təchizat zəncirinin idarə olunması, Layihələrin idarə olunması, Kommersiya departamenti və Əməliyyat departamentinin Sertifikatlaşma üzrə sınaq laboratoriyası şöbəsində təcrübə keçərək gündəlik tapşırıqların həlli nəticəsində real iş bacarıqları əldə edirlər.

Qeyd edək ki, bu il təcrübə proqramında iştirak üçün 2000-dən çox müraciət daxil olub və seçim prosesində 30-dək şəxs təcrübəçi adı qazanıb.

Proqram iştirakçıları öz təəssüratlarını bölüşüb, seçim mərhələlərini necə keçmələri, təcrübə müddətində öyrəndikləri nəzəri biliklər, praktiki olaraq əldə etdikləri bacarıqlar və onlara yaradılan şərait haqda danışıblar. Gənclər gələcək planları haqda danışarkən karyeralarını elə “AzInTelecom” MMC-də davam etdirmək istədiklərini bildiriblər.

Təcrübəçilərin təəssüratlarını əks etdirən videomaterialla keçidə (https://www.youtube.com/watch?v=IHcndsN3p1E) daxil olaraq tanış olmaq mümkündür.

Xatırladaq ki, ötənilki təcrübə proqramına seçilən şəxslərdən 20 nəfəri hazırda “AzInTelecom” MMC-nin əməkdaşıdır.