AzMİU-da elmi-praktiki konfrans öz işinə başlayıb

azmiu-da-elmi-praktiki-konfrans-oz-isine-baslayib
Oxunma sayı: 1266

Bu gün Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) Təhsil Nazirliyinin dəstəyi, universitet və İqtisadiyyat Nazirliyinin həmtəşkilatçılığı ilə ilk dəfə “Sənayenin müasir vəziyyəti və inkişaf problemləri: texnoparkların və sənaye məhəllələrinin ölkənin iqtisadi inkişafına təsiri” mövzusunda Respublika elmi-praktiki konfransı keçirilib. 

“Qafqazinfo” xəbər verir ki, konfransda görkəmli iqtisadçılar, Milli Məclisin üzvləri, İqtisadiyyat Nazirliyinin, Sumqayıt Kimya Sənaye Parkı MMC-nin, İqtisadi islahatlar ETİ-nin nümayəndələri iştirak edib. Eləcə də konfaransa ölkəmizin aparıcı universitetlərindən də nümayəndələr qatılıb.

Konfransın keçirilməsində məqsəd Azərbaycan iqtisadiyyatının sürətlənməsi üçün sənaye sahələrinin inkişafında vacib rol oynayan texnoparkların yaradılması, problemlərin həlli yollarının araşdırılması və əsaslandırılmasıdır.

AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova innovativ texnoparkların yaradılması, fəaliyyətinin təşkili və idarə olunması üzrə beynəlxalq təcrübənin uğurlu nəticələrinin Azərbaycanda formalaşmaqda olan texnopark strukturlarına tətbiq olunduğunu vurğulayıb. O, iqtisadiyyatın sürətlənməsində rol oynayan texnoparkların ali məktəblərdə də yaradılmasının vacibliyi və əhəmiyyətindən, bu istiqamətdə mövcud problemlərin həlli yollarından danışıb. 

Rektorun geniş və əhatəli çıxışından sonra konfrans plenar iclasda davam etdirilib. Plenar iclasda Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, millət vəkili Ziyad Səmədzadə, Sumqayıt Kimya Sənaye Parkı MMC-nin direktoru Nazim Talıbov, İqtisadiyyat  Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tətqiqat İnstitutunun direktoru, professor Vilayət Vəliyev, AzMİU-nun professoru Ədalət Əliyev, AzMİU-nun “İnşaat materiallarında nanotexnologiyalar Elmi-tədqiqat laboratoriyası”nın elmi rəhbəri, professor Eldar Şahbazovun məruzələri dinlənilib.